İlham Əliyev: “Azərbaycanın tarixində, həyatımızın bütün mərhələlərində ölkəmiz heç vaxt bu qədər inkişaf etməyib”

İlham Əliyev: “Azərbaycanın tarixində, həyatımızın bütün mərhələlərində ölkəmiz heç vaxt bu qədər inkişaf etməyib”
# 28 iyun 2014 21:04 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ötən gün Heydər Əliyev Mərkəzində ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən 23-cü illik sessiyasının iştirakçılarının şərəfinə verilən şam yeməyi zamanı çıxışında Azərbaycan prezident İlham Əliyev deyib.

Prezident İlham Əliyev mərasimdə çıxış edərək qonaqları salamlayıb və ölkəyə səfərlərini uzun illər xatırlayacaqlarına əmin olduğunu bildirib: “Bu gün və sabah, eləcə də gələn bir neçə gün ərzində biz beynəlxalq münasibətlərə aid mühüm məsələləri, münaqişələri və ümumiyyətlə, beynəlxalq siyasətə aid məqamları müzakirə edəcəyik”.

Dövlət başçısı Azərbaycanın mədəniyyəti, irsi və adət-ənənələri haqqında söz açaraq qonaqların ölkənin mədəniyyəti, ənənələri, xalqın yaşayış tərzi ilə tanış olmaq, tarixi abidələrini ziyarət edəcəklərinə ümidvar olduğunu bildirib: “Fərəh hissi ilə qeyd edirik ki, Qız qalası, Şirvanşahlar Sarayı və İçərişəhər kimi Bakının rəmzləri UNESCO tərəfindən qorunur və Dünya Mədəni İrsinin hissəsi hesab edilir. Bununla belə, müasir Azərbaycanın da abidələri var. Azərbaycanın müasir rəmzləri də mövcuddur. Məsələn, dövlətçiliyimizi təcəssüm etdirən Dövlət Bayrağı Meydanı var. O, bir neçə il əvvəl yaradılıb. Ondan öncə orada hərbi donanmanın bazası yerləşirdi”.

Qonaqları müasirliyin rəmzi olan “Alov qüllələri” haqqında məlumatlandıran prezident İlham Əliyev alovun həyat mənbəyi, Azərbaycanın isə Odlar Yurdu hesab edildiyini bildirib: “Bakının rəmzi də üç alovdan ibarətdir. Bunu siz orta əsr nümunələrində də görə bilərsiniz”.

Dövlət başçısı bildirib ki, müasir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin yerində əvvəllər yüz ildən artıq fəaliyyət göstərmiş zavod yerləşib: “Buradakı ətraf mühit də çirklənmişdi və tam məhv olmaq üzrə idi. Bəzi insanlar hesab edirlər ki, bu binanın memarlıq üslubu Bakının küləyini əks etdirir, çünki Bakı çox küləkli şəhərdir. Bəziləri bu binanı Xəzərin dalğalarına bənzədir. Digərlərinin başqa təəssüratları vardır. Lakin mən hesab edirəm ki, Mərkəz ölkəmizin müasirləşdirilməsini təcəssüm etdirir. Bu isə inkişafımızın əsas məqsədləridir: müasirləşmək, yaratmaq, inkişaf etmiş ölkə olmaq və müstəqilliyimizi gücləndirmək”.

“Müstəqillik xalqımız üçün ən böyük dəyərdir. Azərbaycanın tarixində, həyatımızın bütün mərhələlərində ölkəmiz heç vaxt bu qədər inkişaf etməyib”, deyə prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı qonaqları yenidən Azərbaycana səfər edəcəklərinə ümidvar olduğunu bildirərək, onları gələn ilin yayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarını izləməyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR