Azərbaycanlı millət vəkili işəgötürənlərdən narazılıq edib

Azərbaycanlı millət vəkili işəgötürənlərdən narazılıq edib
# 27 noyabr 2013 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda məşğulluq sahəsində problemlər daha çox özünü büruzə verir. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib.


Onun sözlərinə görə, Azərbaycanda keyfiyyətli və yeni iş yerlərinin yaradılmasına ehtiyac var: «Bunun üçün emal və sənaye müəssisələrinin sayı artırılmalı, əmək müqavilələri ilə bağlı baş verən uyğunsuzluq və nöqsanlar aradan qaldırılmalıdır».


Millət vəkili deyib ki, əgər bir iş yerində 10 nəfər çalışdığı halda, faktiki olaraq 3 nəfərlə əmək müqaviləsi bağlanırsa, bu, digər 7 işçinin hüquqlarının pozulmasına gətirib çıxarır: «Bu da işəgötürən sahibkarın sosial məsuliyyətinin, intizamının olmamasından irəli gəlir. Biz bu problemləri aradan qaldırmalı və elə etməliyik ki, Azərbaycan iqtisadiyyatının əmək tutumluluğu artsın».


Z.Səmədzadə hesab edir ki, bütövlükdə bu problemə digər müvafiq qurumlarla yanaşı KİV də xüsusi diqqət göstərməlidir: «Biz innovasiyalı iqtisadiyyat qururuq və bunun da mühüm tələbi keyfiyyətli iş yeri yaratmaqdır. Ona görə də texniki peşə məktəblərinin istifadəyə verilməsi, ixtisasartırma kurslarının təşkili vacibdir. Bu gün elm tutumlu yüksək texnologiyalara əsaslanan iş yerləri yaradılsa, əmək haqları və insanların yaşayış tərzi, bütövlükdə cəmiyyətin inkişaf səviyyəsi yüksələr».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR