İribuynuzlu heyvanlar arasında virus xəstəliyinə yoluxma halları getdikcə azalır

İribuynuzlu heyvanlar arasında virus xəstəliyinə yoluxma halları getdikcə azalır
# 30 sentyabr 2013 12:37 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “İribuynuzlu heyvanlar arasında aparılan müalicə tədbirləri sayəsində bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmanın sayı günbəgün azalmaqdadır”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən xəbərə görə, hazırda 302 baş heyvanda simptomatik müalicə tədbirləri aparılır. Bu virus xəstəliyinə görə müalicə edilən bütün heyvanlar həyat fəaliyyətlərini və məhsulvermə qabiliyyətlərini bərpa ediblər.

Məlumata görə, xəstəliyin yayıma arealında və rayonların sayında da ciddi azalma müşahidə edilir. Belə ki, xəstəlik qeydə alınmış rayonların sayı 42-dən 16-ya enib. Hazırda havaların nisbətən sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin xeyli zəifləməsinə gətirib çıxarıb. Xəstəlik başlayandan indiyədək 154 baş iribuynuzlu heyvanın tələf olması qeydə alınıb. Bu isə ümumi müalicəyə cəlb edilmiş heyvanların 0.06 faizini təşkil edir. Tələf olma hadisələri bu xəstəlikdən yox, yanaşı gedən, o cümlədən qan-parazitar və digər xəstəliklərdən baş verib. Tələf olan heyvanlar baytar həkimlərinin nəzarəti altında üzərinə xlorlu əhəng səpilərək basdırılır və ərazi dezinfeksiya edilir.

Xəstəlik başlayandan indiyədək 210 baş iribuynuzlu heyvanda balasalma qeydə alınıb. Balasalma hadisəsi baş vermiş təsərrüfatlar da baytarlıq-sanitariya tədbirləri həyata keçirilib, ərazi dezinfeksiya olunub. Xəstəliyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə, sağlam heyvanlarda çimizdirilmə, ərazidə isə dezinfeksiya tədbirləri aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR