Seneqal Azərbaycanın gömrük sahəsindəki təcrübəsini öyrənəcək

Seneqal Azərbaycanın gömrük sahəsindəki təcrübəsini öyrənəcək
# 28 iyun 2013 14:23 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Brüsseldə (Belçika) yerləşən Ümumdünya Gömrük Təşkilatının baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyası işə başlayıb.

«APA-Economics»in Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, sessiyanın işinə DGK-nin sədri Aydın Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılıb.

Azərbaycan və Seneqal gömrük xidmətlərinin Şura Sessiyasında iştirak edən nümayəndə heyətləri arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair ikitərəfli görüş keçirilib.

Görüşdə çıxış edən A.Əliyev Azərbaycanın müstəqillik əldə etdikdən sonra gömrük xidmətinin keçdiyi inkişaf yolu və nailiyyətləri barədə Seneqal nümayəndə heyətinə məlumat verib və bildirib ki, kadr potensialının gücləndirilməsi, gömrük sistemində İKT-nin, o cümlədən «Vahid pəncərə» prinsipinin tətbiqi, kinoloji xidmət itlərinin təlimi və s. sahələrdə kifayət qədər uğurlar əldə etmiş Azərbaycan gömrük xidməti bu təcrübəsini Seneqallı həmkarları ilə bölüşməyə hazırdır.

Öz növbəsində Seneqal Gömrük Xidmətinin başçısı Muhəmmədu Maxtar Sisse (Mouhamadou Makhtar Cisse) Azərbaycanın gömrük işi sahəsindəki uğurları və təcrübəsini öyrənməyə hazır olduqlarını qeyd edərək, yaxın zamanlarda böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini qeyd edərək bu əməkdaşlığın daimi olacağına inandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR