3 milyon insanı köçə məcbur edəcək fəlakət - Urmiya gölündən XÜSUSİ REPORTAJ

3 milyon insanı köçə məcbur edəcək fəlakət - Urmiya gölündən <span style="color:red;">XÜSUSİ REPORTAJ
# 05 dekabr 2014 14:31 (UTC +04:00)

Manna dövlətinin 3 min il bundan əvvəl Urmiya gölü ətrafında yaranması ilə bağlı tarixi faktlar var. Deməli, bu gölün tarixi ondan da qədimə gedib çıxır. Urmiya gölü 3 min ildən çox qorunub saxlansa da, son 15 ildə İran türklərinin təbirincə desək, Urmu gölü yer üzündən silinmək üzrədir. Bu ekoloji fəlakətin qarşısını almaq tələbi ilə uzun müddət etiraz aksiyaları keçirilib, məsələ parlamentdə dəfələrlə müzakirəyə çıxarılıb, dünya mətbuatının əsas gündəmini təşkil edib. Tariximizin bir parçası olan Urmu gölünün quruması Azərbaycanda da narahatlıqla qarşılanır. Quruma altı hərfdən ibarət adi bir sözdür, ekoloji fəlakətin miqyasını anlamaq üçün Urmu gölünü gözlə görmək lazımdır.

Bura quruması bütün dünyadakı azərbaycanlıları narahat edən Urmiya gölüdür. Hazırda dayandığımız yerdə bir zamanlar su var idi. İndi isə sahildən suya çatmaq üçün 2 kilometrə qədər məsafə qət etməlisən.

Təxminən bu qədər məsafə getdikdən sonra suyun varlığı hiss olunur. Lakin gölə çatmaq üçün hələ bir xeyli yol getmək lazımdır.

Urmiya gölü dünyanın 3-cü ən böyük duzlu gölüdür. Gölün uzunluğu 140, eni 40-55 kilometrdir. Bu göl İranın iki ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan vilayətləri arasında yerləşdir. Məhz bu iki vilayətin mərkəzi şəhərləri Urmiya və Təbriz arasında birbaşa əlaqənin qurulması üçün İran hökuməti göl üzərindən avtomobil yolunun tikintisinə qərar verib. 2007-ci ildə 14 kilometr uzunluğunda körpü tikilir və bu gölün hər iki tərəfində suyun sirkulyasiyanın qarşısını alır.

Bundan başqa Urmiya gölünün əsas su mənbəyi olan çaylar üzərində 30-da çox bənd tikilib ki, bu da hövzənin qurumasını sürətləndirib. Ekspertlər göl ətrafında aparılan yanlış irriqasiya siyasətinin də bu prosesə təkan verdiyi bildirir.

Gölün qurumasına etiraz olaraq 2010-2011-ci illərdə İranın türklərin üstünlük təşkil etdiyi müxtəlif şəhərlərində kütləvi aksiyalar keçirilib. Bu aksiyaların keçirilməsində Təbrizin “Traxtur Sazi” futbol klubunun azarkeşlərinin böyük rolu olub. 2010-cu ilin aprelində azarkeşlərin dəvəti ilə uşaqdan tutmuş qocayadək, minlərlə azərbaycanlı Urmiya gölünün sahilinə gedərək gölə rəmzi olaraq su töküb və bu aksiya bütün dünyada əks-səda doğurub.

Göldə 120 böyük və kiçik ada olub. Bu adalar indi qurudadır. Əvvəllər eyni vaxtda bu gölə təxminən 500 min flaminqo və qutan enib. Bu səbəbdən Urmuyə gölünə zamanında Milli Parkı statusu da verilib. İndi isə gölə gələn quşların qanadları duz səbəbindən bərkiyir, onlar uça bilmir və ölürlər. Göldə çoxlu heyvan növü məskunlaşdığından UNESCO Urmiyə gölünü vacib göllər siyahısına daxil edib. BMT isə gölün hansı sürətlə və neçə ilə quruduğuna dair gerçəkləri animasiya şəklində təqdim edib.

Nəticə isə belədir, Urmiya gölünün qurumasının qarşısını almaq üçün yaxın illər ərzində ciddi tədbirlər görülməsə, göl tamamilə quruyaraq duz kütləsinə çevriləcək. Yarana biləcək 10 milyon ton duz kütləsi isə ciddi ekoloji problemlər yarada bilər. Yaşanacaq duz fırtınası tək İran deyil, qonşu ölkələr, ilk növbədə isə Azərbaycan üçün real təhlükəyə çevrilə bilər. İran hökuməti artıq bu gölün qurumasının nə kimi fəsadlara yol açacağının fərqinə varıb.

Qərbi Azərbaycan vilayətinin ostandarı Qurbanəli Səadət deyir ki, bu göl tamamilə qurusa, insanlar üçün böyük problemlər yaranacaq: "Problem də odur ki, duz toza çevriləcək və o da insanların gözünə tənəffüs yollarına, bədəninə zərər yetirəcək. Dövlətin əsas məsələsi o gölü diriltməkdir. Göl hələ tamamilə qurumayıb. Urmiya gölünün 5 min kvadrat kilometr ərazisinin 2500 kvadrat km ərazisi quruyub".

Urmiya gölü ətrafında suların tənzimlənməsi Şurasının katibi Əlirza Seyid Qüreyşinin sözlərinə görə, 20 metr dərinliyi olan bu gölün hazırda ən dərin nöqtəsi 1,5-2 metri keçmir. Əvvəl göldə 32 milyon kubmetr su olub, indi isə bu rəqəm 3 milyon kubmetrə enib. O analoji hadisənin Aral gölü fəlakətində yaşandığını deyib. İran hökuməti isə bu prosesin yaradacağı fəsadları öyrənir. Göl quruyarsa, bölgədə əkinçilik sıradan çıxa bilər, iqlim dəyişikliyi baş verər və yağıntı tamamilə azalar. Qurumadan sonra bu ərazidə fəaliyyət göstərən zavodlar və şirkətlər bağlanacaq, 3 milyona yaxın azərbaycanlı başqa regiona köçmək məcburiyyətində qalacaq.

Urmiya gölü ətrafında suların tənzimlənməsi Şurasının katibi Əlirza Seyid Qüreyşi bildirir ki, 10 il ərzində gölün ekoloji durumunu yaxşılaşdırmağa çalışıblar: "Problemi gölün öz hövzəsində həll etmək istəyirik. Əkinçilik mədəniyyətini dəyişib, elə bir məhsullar əkməliyik ki, bu məhsulların yetişdirilməsinə az su sərf olunsun. Burada 25-28 milyard kubmetr suya ehtiyac var. Gölün ekoloji həddə çatdırılması üçün isə əlavə 15 milyard kubmetr su lazımdır. Urmiya gölü ətrafındakı suların ümumi həcmi 7 milyard kubmetrdir. İndi bu rəqəm 4-5 milyarda düşüb. Bizim istəyimiz odur ki, bu rəqəmi ildə 3-4 milyard kub metr artıraq. Bu zaman suyun buxarlanması və təzədən suya çevrilməsi prosesi uyğunlaşacaq".

İranın indiki prezidenti Həsən Ruhaninin seçki kampaniyası zamanı verdiyi vədlərdən biri Urmiya gölünü bərpa edəcəyi ilə bağlıdır. Hazırda gölün bərpası ilə bağlı komissiya yaradılıb və bir sıra əcnəbi mütəxəssislərlə müzakirələr aparılıb. Hazırda gölün bərpası ilə bağlı 25 maddəlik əsasnamə qəbul edilib. Qərbi Azərbaycan vilayətinin ostandarı Qurbanəli Səadət artıq bu təkliflər paketinin bır sıra bəndləri ilə bağlı işlərin başlandığını deyir: "Hazırda biz həmin təkliflər paketi çərçivəsində bir neçə layihənin icrası üçün vəsait ayırmışıq və işlərə başlamışıq. Layihəyə əsasən, gölün ətrafındakı kənd təsərrüfatı sistemində islahatlar aparılmalı və ənənəvi suvarma sistemindən səmərəli və elmi suvarma sisteminə keçməliyik. Bundan başqa, gölün ətrafında kiçik gölməçələr və su resursları var. Onları gölə istiqamətləndirməyə çalışırıq. Bu da gölün bərpa olunmasına kömək edəcək”.

Ostandarın sözlərinə görə, İran hökuməti Urmiya gölündə bu işlərin aparılmasına təxminən 522 milyon dollar vəsait ayırıb.

Qurbanəli Səadət Araz çayı və Xəzər dənizindən Urmiya gölünə suyun axıdılması layihəsinin icrası üçün araşdırma aparıldığını da bildirib. Onun sözlərinə görə, bu sular beynəlxalq sular olduğuna görə, əvvəlcə İran öz payına nə qədər suyun düşdüyünü müəyyənləşdirməlidir. Bundan əlavə suların tərkibi müxtəlif olduğundan onların qarışmasının hansı fəsadlara yol açacağını da araşdırmağa ehtiyac var.

Təbiətin təzadları bu ərazidə də özünü göstərib. Quruması ürək sızladan gölün ətrafında bir sıra sulu göllər var. Əvvəllər Urmiya gölünə uçan quşlar artıq bu göllərin ətrafını özlərinə məkan seçiblər. Bu göllərin bəzisi qarşısı bəndlə kəsilmiş çaylardır. Əslində İran hökuməti bu çayların qarşısını açaraq onları Urmiya gölünə axıtmaq variantını da nəzərdən keçirir.

“İranın Parisi” adlandırılan Urmiya bir zamanlar turistlərin ən çox axın etdiyi şəhər olub. Urmu gölünün gözəl təbiəti və göldəki müalicəvi palçıq çoxsaylı turistlərin bura üz tutmasına səbəb olub. Lakin gölün quruması bura gələn turistlərin sayına da əsaslı təsir edib.

Vilayət rəhbərliyi Urmiya gölünü turizm mərkəzinə çevirməyi planlaşdırırdı. Bu məqsədlə göl qurumazdan əvvəl sahildə bir sıra turizm obyektləri tikilib. Lakin onlar heç zaman düşünməzdilər ki, göldə turistləri gəzdirmək üçün gətirilən bu gəmi illər sonra quruda qalacaq.

Kiyamərz Keyanfər Urmiya gölünün Bari qəsəbəsində eyniadlı otellər şəbəkəsinin sahibidir. O, Urmiya gölü sahilində otel tikintisinə 11 il əvvəl başlanılıb: "Göl sahildə idi. Su tikinti obyektini yumasın deyə otelin ətrafına daş tökdürmüşdüm. İndi isə gölə çatmaq üçün piyada bir-iki kilometr yol getməlisən".

İş adamı deyir ki, göl bərpa olunarsa, bura gələn turistlərin sayı kəskin şəkildə artar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR