Türkiyəli naşir: “Türk cümhuriyyətlərindəki ədəbi gəlişmələrdən xəbərdar olmamağımız bizim ayıbımızdır” - MÜSAHİBƏ

Türkiyəli naşir: “Türk cümhuriyyətlərindəki ədəbi gəlişmələrdən xəbərdar olmamağımız bizim ayıbımızdır” - <span style="color: red;">MÜSAHİBƏ
# 09 avqust 2014 15:35 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Bir neçə il ərzində Türkiyənin özəl nəşriyyatları arasında lider mövqeyinə yüksələn “Kırmızı kedi” yayınlarının sahibi Haluk Hepkonun APA-ya müsahibəsi

- Nəşriyyatınızın yaşı çox olmasa da, hal-hazırda özəl nəşriyyatlar arasında Türkiyədə ən önəmli yerdə olduğunuzu hamı etiraf edir. Bu səviyyəy necə gəldiniz?

- “Kırmızı kedi” nəşriyyatının 10-20 yaşı yoxdur, nəşriyyatı 6 il qabaq yaratmışıq. Əslində dünyadakı nəşriyyat işləri nöqteyi-nəzərindən baxanda 10-20 il komik rəqəmlərdir. Türkiyədəki ən yaşlı nəşriyyatın 50-60 il əvvəl qurulduğunu nəzərə alsaq, biz gənc sayıla bilərik. Yaxşı komanda ilə yola çıxdıq. “Kırmızı kedi”nin çap işçilərindən tutmuş, satış işçilərinə qədər, hamı uzun müddətdən bəri nəşr sahəsində fəaliyyət göstərmiş və önəmli işlərə imza atmışdı, biz onların hamısını eyni dam altında toplamağı bacardıq. Bizim qısa müddətdə nəşr bazarında önəmli yer tutmağımızın əsas səbəblərindən biri də siyasi konyukturaya görə deyil, doğru və gerçək yayımçılıq prinsiplərinə görə hərəkət etməyimizdir. Türkiyədə bir çox nəşriyyatın çap etməkdən çəkindiyi yazarları oxucuyla, cəmiyyətlə görüşdürdük. Türk oxucusu bunun qiymətini bildi və gənc bir nəşriyyat olmasına baxmayaraq, “Kırmızı kedi”yə sahib çıxdı.

- Təxminimə görə, indiyə qədər 500-ə qədər kitab buraxmısınız.

- Təxminən 400.

- Yarandığınızdan bəri konyukturaya görə deyil, peşəkarlığa görə kitablar çap etdiyinizi vurğulayırsınız. Onların arasında uzun müddət haqsız yerə həbsdə saxlanmış jurnalist-yazarların kitabları az deyil. Qazandığınız uğurun nə qədərini həbsxanada yazılmış kitablara borclusunuz? Yaxın vaxtlara qədər o kitabları çap etmək böyük cəsarət tələb edirdi.

- Təşəkkür edirəm. Hər şeydən əvvəl bunu demək istəyirəm, biz sadəcə görülməsi lazım olan işi gördük. Fövqəladə bir iş gördüyümüzü düşünmürəm. Əsas problem nəşr baxımından yapılması normal olan işlərin cəsarət tələb etməsində idi, müzakirə edilməsi lazım olan məsələ budur. Yoxsa bizim yazarlarmız, məsələn, Soner Yalçın bizdən əvvəl də kitabları 100 min tirajlarla çap edilən bir yazardır ki, bu, Türkiyə üçün önəmli rəqəmdir. Başqa yazarlarımız üçün də eyni sözü deməliyəm. İqtidarın da etiraf etdiyi kimi, haqsız yerə həbs edilən yazarların kitablarını çap etməyə o biri nəşriyyatlar müsbət baxmadılar ki, bu da Türkiyədəki nəşr işinin ayıbı sayılmalıdır. Biz o vaxt həbsdə olan jurnalist-yazarların kitablarını çap etdik. Mən bunu çərpələngə bənzədirəm, çərpələng küləyə qarşı getdiyi üçün yüksəlir. Bizim əsən küləklərə qarşı çıxmaq niyyətimiz yox idi, sadəcə, bu kitablar əlimizə gələndə onların çap edilməsinin lazım olduğunu gördük və çap etdik. Bu da çərpələng təsiri yaradaraq bizi yuxarılara apardı.

- Nobel mükafatı alarkən çıxışında Aleksandr Soljenitsın deyir ki, QULAQ Arxipelaqında bütöv bir ədəbiyyat məhv oldu. Türkiyənin QULAQ Arxipelaqının Silivri həbsxanası olduğunu düşünəndə siz oradan böyük bir ədəbiyyatı xilas etdiyinizə inanırsınızmı? O işi davam etdirəcəksinizmi?

- Bizim fəaliyyətimizdə heç vaxt siyasi iddiamız olmayıb, sadəcə, müəyyən dünyagörüşünə mənsub olan insanları çap etmək barədə qərar qəbul etməmişdik. Yazarlarımız arasında bir-birindən çox fərqli insanlar var. Yazarların siyasi görüşü, hüquqi durumu bizi qətiyyən maraqlandırmır. Əgər hansısa kitab pisdirsə, biz onu çap etmərik. Bu mövqeyimiz bizi “Balyoz”, “Ergenekon”, “Odatv” proseslərində haqsız şəkildə tutulan insanlarla birləşdirdi. Gələcək dönəmdə yaxşı kitab yazan insanların yanında olmağa davam edəcəyik. Kiminsə yaxşı kitabını çap etsək, başımıza bir iş gələrmi? Bunu heç vaxt düşünməyəcəyik.

- Dünya ədəbiyyatının önəmli yazarlarını da yeni tərcümələrdə çap edirsinizz. Nəşr etdiyiniz kitablar arasında Virginia Woolf, Nəcib Mahfuz, Umbetto Eco və b. var. O sahədəki işləriniz necə gedir?

- Əslində biz burda da eyni strategiyanı izləyirik. Nəcib Mahfuzun kitablarının çap haqqını əlində saxlayan bir nəşriyyat onun “Cəbəlavi küçəsinin uşaqları” əsərindəki bəzi motivlərə görə çapını məqsədəuyğun hesab etməmişdi. Bu, qəbuledilməz hal idi, Nəcib Mahfuz kimi bir ustanın əsərini necə çap etməmək olardı? Biz o kitabı çap etdik. Jose Saramagonun kitabları da dinə dair fikirlərinə görə bir nəşriyyat tərəfindən çap edilməmişdi. Mahfuz və Saramago kimi Nobel mükafatı almış yazarların əsərlərinin bəzi mülahizələrə görə çap edilməməsi tabusunu biz yıxdıq və bunları etdikcə həm Türkiyənin bəzi önəmli yazar-jurnalistləri və həm də dünya ədəbiyyatının tanınmış simalarıyla birləşdik. Ona görə, məsələ sadəcə Silivri həbsxanasına atılmış jurnalist-yazarlarla bağlı deyil, bizim katolik kilsəsiylə də heç bir problemimiz yoxdur, amma Saramagonu çap edirik. Misir rəhbərliyi ilə də problemimiz yoxdur, amma Nəcib Mahfuz kimi dünya ədəbiyyatının güclü bir simasını çap etməməkdən söhbət gedə bilməz.

- Dünya ədəbiyyatının önəmli simalarını yeni tərcümələrdə (məsələn, İlknur Özdəmirin tərcüməsində Virginia Woolf) oxucuya təqdim etmək də sizə uğur qazandıran başqa bir faktor kimi görünür...

- Bəli, bizim siyasi cəhətdən heç bir problemimiz yoxdur. Biz oxucuya yaxşı kitablar, yaxşı tərcümələr təqdim etmək istəyirik. Türkiyədəki nəşriyyatların sıxıntıları böyükdür. Bu yaxınlarda bir tvitə çox gülmüşdüm: Türkiyənin önəmli nəşriyyatlarından birinin sahibi araşdırma apararaq bir tvit atmışdı: keçən il biz Soma holdinqdən daha çox vergi vermişik. Dünyanın hər yerində nəşriyyat işi təşviq edilən və dəstəklənən bir sektor olduğu halda, Türkiyədə təşviq edilməyən sektordur.

- Siz Türkiyədə 100 min tirajla kitab çap edən bir nəşriyyatsınız və yazarlar sizə bunun məsuliyyəti ilə gəlirlər. Daha əvvəl başqa nəşriyyatlarla işləmiş yazarlar indi sizinlə işləməyə nə dərəcədə can atırlar? Yaxşı yazar olub da, bir müddət özünü siyasət rüzgarının konyukturasına vermiş yazarlar qapınızı döyərsə, onları da çap edəcəksinizmi?

- Bizim yazarların keçmişinə və ya siyasi dünyagörüşünə baxma lüksümüz yoxdur. Biz bir nəşriyyatıq, yazarın dilinə, üslubuna baxarıq. Əgər araşdırma kitabıdırsa, siyasi mesajına baxarıq. Siyasi mesajın Türkiyənin həqiqətlərindən uzaq olmaması lazımdır. Bizim bəşəri kriteriyalarımız var və oxucu bizdən o kriteriyalara uyğun kitablar gözləyir. Bəzən bizim duruşumuzu örnək alan yazarlar olur, onlar öz düşüncələrini bizim vasitəmizlə daha yaxşı ifadə edəcəklərinə inanırlar. Türkiyədə bu cür məcra çox azdır və “Kırmızı kedi” onlardan biridir. Bizim üçün önəmli olan məsələ yazarların şəxsi hüquqlarına müdaxilə etmədən, bəşəri dəyərləri qoruyaraq onlarla əməkdaşlıq etməkdir. Ona görə də gələn yazarları seçmək və ya hansısa yazarı xüsusi şəkildə dəvət etmək kimi dərdimiz yoxdur. Keçən 10 ildə qarşı tərəfdə yer almış yazarlar da, sağ olsunlar, bizi çətin vəziyyətdə qoyub müraciət etmirlər, biz də onların niyə gəlib-getməmələriylə maraqlanmırıq.

- Sizinlə əməkdaşlıq edən Türkiyə yazarlarının verdiyiniz qonorardan məmnun olduqları açıq-aşkardır. Əcnəbi yazarlarla hansı prinsiplərlə işləyirsiniz, onlara da yüksək qonorar ödəyirsinizmi?

- Təbii, təbii. Qonorar hüququ dünyada və Türkiyədə qanunlarla müəyyənləşdirilib. Beynəlxalq miqyasdakı kitab yarmarkalarında iştirak edirik, orada vasitəçi agentliklərlə görüşürük, onlarla aramız yaxşıdır. Yazarların haqlarını verməsəniz, nə əsər çap edə, nə də beynəlxalq yarmarkalardakı hörmətinizi qoruya bilərsiniz. Dünyanın önəmli yazarlarının hamısının əsərlərinin çapıyla məşğul olan agentliklər var, biz onlarla əlaqə yaradırıq. Agentliklər haqlı şəkildə sizin çap etmək istədiyiniz yazarın ağırlığını daşıya bilib-bilməyəcəyinizi araşdırırlar. Vəziyyət onları məmnun edirsə, sazişlər imzalanır. Başqa cür mümkün deyil. Siz Türkiyədə öz kefinizə görə Nəcib Mahfuzu və ya Jose Saramangonu çap edə bilməzsiniz.

- İndiyə qədər Türkiyənin önəmli nəşriyyatlarının (məsələn, “Can yayınları”, “Yapıkredi yayınları”, “İş bankı yayınları” və s.) türkdilli xalqların ədəbiyyatlarına az diqqət göstərdiyini görmüşük. Bu məsələ ilə bağlı siz nə düşünürsünüz? Məsələn, Azərbaycandan 25-40 yaş arasındakı yazarların sizi qane edəcək əsərləri gəlsə, çap edərsinizmi? Və ya siz nəşriyyatınızı Azərbaycanda tanıtmağa necə baxırsınız? “Kırmızı kedi”nin Bakıda kıtab mağazası açmasından söhbət gedə bilərmi?

- Buna çox böyük ehtiyac var. Təəssüf ki, Türkiyənin kitab bazarı dünyadakı anqlo-sakson meylindən çox təsirlənib. Halbuki dünyanın ingiliscədən kənar çox güclü ədəbi məktəbləri var. Şərqi bir tərəfə qoyun, Türkiyə Qərbdəki mədəni təsirləri belə özündə əks etdirməkdə sıxıntı çəkir. Bunun əsas səbəblərindən biri anqlo-sakson mədəniyyət hegemoniyasıdır. İngiliscə yazan orta səviyyəli bir yazar bizdə bir anda populyarlaşa bilir, ispanca, fransızca, flamandca, portuqalca yazan bir yazarın isə bizdə tanınması çox çətin olur. Mən Avrasiya mədəniyyətinə çox önəm verirəm. Bizdə ərəbcə yazan bir çox yazar bəri başdan islamçı yazar kimi qəbul edilir. (Nəcib Mahfuz və bəzi başqa yazarlar çox önəmli istisnalardır, bu basmaqəlibi sındırmağımız lazımdır). Gələcəkdə bizim Çinlə bağlı layihələrimiz də var. Ərəb ölkələrindən, Çindən danışarkən türkdilli ölkələrdən danışmamaq çox böyük ayıb olar. Biz qardaş ölkələrdəki fikir-düşüncə cərəyanlarından, ədəbi cərəyanlardan, təəssüf ki, xəbər ala bilmirik. Bilmirəm, bəlkə onlar da Türkiyədəki proseslərdən xəbərdar ola bilmirlər və ya arxasında böyük mətbuatın dəstəyi olan yazarları tanıya bilirlər. Nəşriyyat sadəcə ticari qurum deyil, biz kartof-soğan satan mağaza yox, mədəniyyət işiylə məşğul olan qurumuq, ona görə də bu işlərə sadəcə ticarət kimi baxmaq səhv olar. Aytmatov və bir neçə yazardan başqa türk cümhuriyyətlərinin yazarlarının Türkiyədə çox az tanınması, bizim onları yaxşı bilməməyimiz nəşriyyat işi baxımından da bir ayıbdır. Mən Qərbdə görürəm ki, bəzi ölkələr öz mədəniyyətlərinin yayılması ciddi-cəhd göstərirlər. İspanca və ya portuqalca kitabların tərcüməsi üçün önəmli pul fondları ayırırlar. Bu işin ticarətdən daha önəmli nəticələri olur. Hökumətlərimiz bu işlərə dəstək versələr, çox yaxşı olar. Müştərək kitab yarmarkaları təşkil edilməli, yazarlarımız daima bir araya gəlməli və bu ayıb aradan qaldırılmalıdır.

- Yəni, “Kırmızı kedi”nin Bakıda mağazasını görə biləcəyik...

- İnşallah. Biz nəşriyyat işimizlə birgə Türkiyənin önəmli şəhərlərində kitab mağazaları da açmışıq. Ən böyük xəyallarımızdan biri Azərbaycan kimi qardaş bir ölkədə “Kırmızı kedi” lövhəsiylə mağaza görməkdir. Bizim nöqteyi-nəzərimizdən bunun mənası dərin olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR