Bakıda Azərbaycan, Litva, Bəhreyn, İraq, Seneqal, Albaniya və digər ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib

Bakıda Azərbaycan, Litva, Bəhreyn, İraq, Seneqal, Albaniya və digər ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib
# 19 may 2015 08:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət nazirlərinin toplantısı keçirilib.

APA-nın məlumatına görə, “2015-ci ildən sonrakı dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf” adı altında, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən toplantıda forumda iştirak edən ölkələrin mədəniyyət və turizm nazirləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Nazir Ə. Qarayev forumun təşkilini Azərbaycan dövlətinin mədəni müxtəlifliyə, dialoqa olan diqqəti və siyasətinin prioritet istiqaməti kimi qiymətləndirib. Ə. Qarayevin sözlərinə görə, forum və ona dünyada olan maraq göstərir ki, mədəniyyət insanları birləşdirmək üçün vacib amildir: “Müxtəlif ölkələrdən məktublar gəlir, forumun işini yüksək qiymətləndirirlər. Biz “Bakı prosesi” adlı böyük bir hərəkata başlamışıq. Bu cür tədbirlər mədəniyyətin dünyada müxtəlif xalqların nümayəndələrini bir araya gətirməsinin təzahürüdür. İnsanları bir araya gətirmək və onlara qarşılıqlı hörmət hissini aşılamaq, mədəniyyətlərin mübadiləsini həyata keçirmək böyük məsuliyyətdir. Biz bu xoş niyyətli məsuliyyəti öz öhdəmizə götürmüşük”.

Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser Bakı forumunun əhəmiyyətindən danışarkən qeyd edib ki, ortaq təhlükəsizlik üçün mədəniyyət vacib amildir: “Mədəniyyətin inkişafı həm də iqtisadiyyatın inkişafıdır. Mədəniyyətə qoyulan sərmayəni iqtisadiyyata qoyulan sərmayə kimi qəbul etmək lazımdır. İl ərzində dünyada bir milyondan çox insan səfər edir. Bunun turizm biznesi üçün necə böyük rəqəm olduğunu təsəvvür edə bilərik. Mədəniyyət eyni zamanda stereotipləri aradan qaldıran amildir. Mədəniyyətlərin və sivilizasiyaların dialoqu dünyada yoxsulluğun azalmasına da böyük təsir göstərir. Rifah yalnız o vaxt mümkün olar ki, biz insanların və mədəniyyətlərin müxtəlifliyinə hörmətlə yanaşaq”.

Nazirlərin toplantısında TÜRKSOY-in sədri Düsein Kaseinov, Litva, Bəhreyn, İraq, Seneqal, Albaniya və digər dövlətlərdən olan mədəniyyət nazirləri Bakı forumunun əhəmiyyətindən, ölkələrində mədəni müxtəliflik, dialoq sahəsində görülən işlərdən danışıblar, Bakını mədəniyyətlərarası dialoq məkanı kimi dəyərləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR