Dmitri Medvedev: "O qələbə keçmiş Sovet İttifaqına daxil olan bütün xalqlarındır" - FOTOSESSİYA

Dmitri Medvedev: "O qələbə keçmiş Sovet İttifaqına daxil olan bütün xalqlarındır" - <span style="color: red;">FOTOSESSİYA
# 28 aprel 2015 20:13 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Moskvada “Birliklə qazanılmış böyük qələbə” adlı Beynəlxalq Qaliblər Forumu keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Avrasiya Tədqiqatlar İnstitutu” İnkişaf Fondunun və “Şimal-Cənub” Politologiya Mərkəzinin birgə təşkil etdikləri forumda azərbaycanlı müharibə veteranları - Birinci Belarus cəbhəsində döyüşmüş Daməd Nəbiyev, Üçüncü Belarus cəbhəsinin veteranı Bəkir Məmmədov, Leninqrad blokadasının iştirakçısı İrina Qədirova, ictimaiyyətin təmsilçiləri, jurnalistlərdən ibarət böyük nümayəndə heyəti iştirak edib.

Foruma gələn 15 postsovet respublikasının nümayəndə heyətləri əvvəlcə “Poklonnaya Qora” yüksəkliyində Rusiya Böyük Vətən Müharibəsi Muzeyinin qarşısında ucaldılmış “Qalibiyyət əsgəri” abidəsi önünə əklillər qoyublar.

Daha sonra Böyük Vətən Müharibəsi muzeyində “Birliklə qazanılmış böyük qələbə” Beynəlxalq Qaliblər Forumunun açılışı olub. Mərasimdə Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubu oxunub. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiya Prezidentinin beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və başqaları çıxış edərək, faşizm üzərində qələbədə MDB ölkələri xalqlarının fədakarlığını vurğulayıblar.

Böyük Vətən Müharibəsi Muzeyinin “Şərəf” zalında nümayəndə heyətlərinin Rusiya baş naziri Dmitri Medvedev ilə görüşü keçirilib. Rusiya hökumətinin başçısı çıxışında bildirib ki, Böyük Vətən Müharibəsində qazanılmış Qələbə keçmiş Sovet İttifaqına daxil olan bütün xalqların ümumi qələbəsidir: "Biz döyüş bölgələrində və arxa cəbhədə qəhrəmanlıq göstərən hər kəsi minnətdarlıqla xatırlayırıq. İndiki dövrdə Böyük Vətən Müharibəsi tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı hamılıqla mübarizə aparılmalıdır".

Sonra Dmitri Medvedev “Şərəf” zalında açılmış “Nasizmlə mübarizədə biz birlikdə idik” mövzusunda sərgi ilə tanış olub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyinin birgə hazırladığı Azərbaycan Respublikası ekspozisiyasında 416-cı Taqanroq atıcı diviziyası haqqında məlumatlar, diviziyanın azərbaycanlı döyüşçülərinin şəkilləri, Tahir Salahovun “Naməlum əsgər”, Vidadi Nərimanbəyovun “Yolda” tabloları, general-mayor Hacıbaba Zeynalova məxsus yapıncı və digər eksponatlar nümayiş etdirilib. Azərbaycan stendi, xüsusilə ümummilli lider Heydər Əliyevin və Azərbaycan prezidenti İlham Əliyevin azərbaycanlı müharibə veteranları ilə görüşlərini əks etdirən fotoşəkillər Rusiya hökumətinin rəhbəri D.Medvedevin marağına səbəb olub.

Forum işini seksiyalarda davam etdirib. İştirakçılar “Böyük Qələbə MDB xalqlarının tarixində”, ”Böyük Qələbə nəsillərin sərvətidir”, “Tarixi yaddaşın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mexanizmi”, “KİV-lər müharibə haqqında: missiya və məsuliyyət sərhədi” mövzularını müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR