“Avropada enerji təhlükəsizliyinin təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr” mövzusunda dəyirmi masa keçirilib - FOTO

“Avropada enerji təhlükəsizliyinin təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr” mövzusunda dəyirmi masa keçirilib - <span style="color: red;">FOTO
# 08 aprel 2015 08:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Enerji mövzusu Avropada olduqca aktualdır və Azərbaycan neft və qazı gələcəkdə Avropa bazarına çıxarmaq niyyətidir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “Avropada enerji təhlükəsizliyinin təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr” mövzusunda İtaliya Beynəlxalq İnstitutu ilə birgə keçirilən dəyirmi masada deyib.

O bildirib ki, Avropa İttifaqına daxil olan ölkələrin enerji təhlükəsizliyi artıq dövlətlər deyil, qurum tərəfindən tənzimlənən məsələyə çevrilib: "Azərbaycanı dünyada tanıdan trendlərdən biri enerji daşıyıcılarıdır. Ölkəmiz bu sahədə uzun yol keçib. Azərbaycan enerji daşıyıcılarını dənizin dərin qatlarından hasil edərək özünün iştirak etdiyi və tikdiyi boru xətti ilə dünya bazarına çıxarıb və öz şirkəti ilə satmaqdadır. Bunu alan ölkələrdən biri də İtaliyadır. Lakin təəssüf ki, son dövrlər enerji siyasi məqsədlərə nail olmaq üçün vasitəyə çevrilib. Azərbaycan dünya şirkətləri üçün məsuliyyətli tərəfdaş rolunda çıxış edir. İqtisadiyyat bu məsələlərdə əsas rol oynayır. Azərbaycan Gürcüstan, Türkiyə, Albaniya, Serbiyada bir sıra mühüm layihələr həyata keçirir. Azərbaycan öz uğurunu paylaşmağı bacarır. Bakı-Әlət portunun və Bakı-Tbilisi-Qars dəmir yol xəttinin formalaşması da qonşu ölkələrin inkişafına şərait yaradacaq".

F. Məmmədov qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi nəhəng layihələr üçün təhdidlər də mövcuddur: “Әn böyük təhdid isə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasətidir. Bu münaqişə enerji daşıyıcılarına potensial təhdiddir. Azərbaycan prezidentinin də dediyi kimi, münaqişələrə vahid yanaşma tələb olunur. Aİ bir münaqişədə ərazi bütövlüyü prinsipini dəstəkləyirsə, digər münaqişələrdə də eyni prinsipi dəstəkləməlidir. Biznes mühitinin, siyasi dairələrin həmin ərazilərə gediş-gəlişi qadağan olunmalıdır”.

İtaliyanın Beynəlxalq Әlaqələr İnstitutunun direktoru Ettore Greco təmsil etdiyi qurumun da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən variantları müzakirə etdiyini bildirib: “Bu, region və Avropanın təhlükəsizliyi üçün önəmlidir. Azərbaycanın geosiyasi önəmi Avropa üçün getdikcə artır. Bizim institut bu sahə ilə bağlı təxminən 4 ildir xüsusi proqram icra edir. 10-dan çox konfranslar və 11 məqalə dərc olunub. TANAP, TAP layihələri İtaliya üçün çox önəmlidir. Bu sahələrdə tədqiqatlar həyata keçirmişik”.

Tədbir hər iki qurumun nümayəndələrinin müzakirələri ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR