Türkiyədə İraq türkmənlərinin problemi müzakirə olunub

Türkiyədə İraq türkmənlərinin problemi müzakirə olunub
# 28 sentyabr 2014 05:18 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbulda “İraq türklərinin dünəni, bu günü və sabahı” mövzusunda konfrans keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, “Türkiyə Milliyyətçi həkimlər” dərnəyinin təşkilatçılığında keçirilən konfransa 20-dən artıq QHT dəstək verib. Konfransın açılışında çıxış edən “Milliyyətçi həkimlər dərnəyi”nin başqanı, professor Orhan Gədikli İraq türklərinin tarixən məruz qaldıqları təzyiq və deportasiyalar barədə danışıb. Dünyada türklərin yaşadığı bölgələrin 90%-ni gəzdiyini xatırladan professor Gədikli son aylarda ən böyük sıxıntıların Şərqi Türküstanda, İraq və Suriyada yaşandığını vurğulayıb. ”İŞİD terror təşkilatının qətliamlar üçün getdiyi bölgələr türk bölgələridir”- deyən professor Orhan Gədikli, Türkmənelində yaşanan qətliamlara görə Qərb ölkələrini, ərəb və kürd milliyyətçilərini günahlandırıb. “Milliyyətçi həkimlər dərnəyi”nin sədri bundan sonra susmamaq və səslərini ucaltmaq üçün türk dünyasının müxtəlif bölgələri ilə bağlı bu səpkili toplantılar təşkil edəcəklərini bildirib.

Konfransda çıxış edən “İraq türkləri insan haqları dərnəyi”nin fəxri başqanı, doktor Nəfi Dəmirci “Türkməneli bölgəsinin var olmaqla yox olmaq arasında qaldığını” deyib. Türkiyənin xarici siyasətində məzhəbçiliyin ön plana çıxdığını iddia edən doktor Dəmirci bunun, hər şeydən əvvəl, Türkmənelinə ziyan vurduğunu deyib. ”Mən 1953-cü ildə Türkiyəyə gəlmişəm.1960-cı ilə qədər Kərkük əhalisinin 95%-i türk idi.O vaxtlar Türkmənelində çarəsiz xəstələri Türkiyənin Bağdaddakı səfirliyində asılmış qırmızı bayrağın altına aparıb dua edərdilər. Əvvəllər orada nəinki məzhəb, heç din və irq problemi də yox idi. Yəhudilər belə özlərini türk sayırdılar. Son illərdə Türkiyənin məzhəbçi xarici siyasət izləməsi türkmənlərin sünni-şiə kateqoriyalarına ayırlmasına səbəb oldu”- deyə Nəfi Dəmirci vurğulayıb.

Konfransda Türk Dünyası Araşdırmaları Vəqfini təmsil edən İstanbul universitetinin dosenti Kutluğ Kaan Sümer isə çıxışında Türkməneli bölgəsində türk etnosuna qarşı həyata keçirilən qətliamların BMT səviyyəsinə çıxarılmasının lüzumuna diqqəti cəlb edərək, İraqın 1958-ci il konstitusiyasında türkmənlərə verilmiş haqlardan istifadə edilməsinin lüzumunu vurğulayıb.

Konfransın sonunda yekun qətnaməsi qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR