SOCAR-ın elan etdiyi işə qəbul müsabiqəsinə 4600-dən çox müraciət qeydə alınıb

SOCAR-ın elan etdiyi işə qəbul müsabiqəsinə 4600-dən çox müraciət qeydə alınıb
# 01 oktyabr 2015 13:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə elan etdiyi işə qəbul müsabiqəsinə 4628 nəfərin müraciəti qeydə alınıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ölkədə qazlaşdırma proseslərinin sürətləndirilməsi ilə əlaqədar yaranmış əlavə iş həcmlərinə müvafiq olaraq SOCAR-ın “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə elan etdiyi işə qəbul müsabiqəsinə 4 628 nəfərin müraciəti qeydə alınıb.

Xəbər verildiyi kimi, respublikanın regionlarında yeni çəkilən qaz xətləri üzərində quraşdırılan sayğac və avadanlıqlara xidmətin operativ təşkili məqsədi ilə “Azəriqaz ” İstehsalat Birliyinin bölgələrdəki strukturlarında əlavə işçi qüvvəsinə tələbat yaranması ilə əlaqədar olaraq SOCAR və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində Birliyin 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə elan olunmuş işə qəbul müsabiqəsinə start verilib.

Nəzərdə tutulduğu kimi, müsabiqənin birinci mərhələsində müraciətlər elektron qaydada www.socar.az veb-səhifəsinin “karyera” bölməsi (https://careers.socar.az/VacancyList) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq rayon şöbələri vasitəsi ilə qəbul edilib. 29.09.2015-ci il tarixində müraciətlərin qəbulu prosesi başa çatıb, 8 regionu əhatə edən 46 rayon üzrə ümumilikdə 4 628 nəfərin müraciəti qeydə alınıb. İşə qəbul üçün daha çox müraciət Tərtər (843), Salyan (630), Ağsu (597), ən az müraciət isə Şəmkir (425) Regional Mərkəzlərinin əhatə etdiyi rayonlardan olub. Müraciətlərin çox olması müsabiqədə seçim imkanlarının genişlənməsinə, seçim prosedurlarının daha şəffaf aparılmasına və ən yaxşı namizədlərin seçilməsinə şərait yaradacaq.

Artıq müraciətləri qeydə alınmış namizədlərin sənədlərinin vakansiya haqqında elanda qeyd olunmuş tələblərə uyğunluğu yoxlanılır. Vakansiyanın tələblərinə uyğun gələn namizədlər müəyyən edildikdən sonra oktyabrın 3-4-də onların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılacaq. Bu məqsədlə regionlarda keçiriləcək test imtahanında müvəffəqiyyət qazanan namizədlərə 10 gün müddətində SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin təşkil etdiyi nəzəri-praktiki təlim keçiləcək.

Xəbər verildiyi kimi, artıq TTSİ-də təlimləri aparacaq mütəxəssislər üçün maarifləndirmə kurslarına başlanılıb. Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaq. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi dərhal, hal-hazırda vakant olan 403 yerə işə qəbul olunacaq. Digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək “Azəriqaz” İB-nin növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur.

Müsahibədə bir neçə namizəd eyni balı toplayarsa, əvvəlcə onların sahə üzrə topladıqları bal, o da eyni olarsa test imtahanında topladıqları bal əsas götürüləcək. Namizədlər müsabiqənin bütün mərhələlərinin nəticələri barədə məlumatları SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən göndərilmiş xüsusi bildirişlər və ya vakansiyaya müraciət edən zaman onlara təqdim olunmuş FİN (fərdi identifikasiya nömrəsi) və şifrəni daxil etməklə www.socar.az internet səhifəsinin “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Müsabiqə nəticələri” paneli vasitəsilə ala biləcəklər. Müsabiqə prosesinin bütün mərhələlərinin tam şəffaf, obyektiv və ədalətli keçiriləcəyinə zəmanət verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR