Raşida Dati: “Dinlər və etnik qruplar arasında münasibətlər baxımından Azərbaycan dünyaya nümunə ola bilər”

Raşida Dati: “Dinlər və etnik qruplar arasında münasibətlər baxımından Azərbaycan dünyaya nümunə ola bilər”
# 18 may 2015 10:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr” panelində çıxışında Avropa Parlamentinin üzvü, Parisin 7-ci rayonunun meri Raşida Dati deyib.

R. Dati bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqa mühüm töhfə verir: “Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayan güclü dövlətdir. Dinlər və etnik qruplar arasında münasibətlər baxımından Azərbaycan dünyaya nümunə ola bilər. Heydər Əliyev Fondu da mədəniyyətlərarası dialoqa töhfə verib, Fransada mühüm tədbirlərə dəstək olub. Beləliklə, müsəlman Azərbaycanı Fransanın mədəni irsinin bərpasına töhfə verib. Əgər belə nəcib işlər görülməsə, təhlükəsizlik təmin olunmayacaq. Biz səylərimizi birləşdirməliyik ki, terrorçuluğun qarşısını alaq. Dünyada bir çox ölkələr çətinliklərlə rastlaşsalar da, Azərbaycan dini, mədəni zənginliyini qoruyub. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda tolerantlığın qorunmasından fərəhlənirik. Bu ölkədə məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, belə nümunələrdən istifadə edilməlidir. Biz Fransada törədilən terroru gördük. Ona görə də mədəniyyətlərarası dialoqa dəstək veririk. Mədəniyyətlərarası dialoq orta və ali məktəblərdə tədris proqramlarına salınmalıdır. UNESCO Azərbaycanda savadlılığın 95 faiz olduğunu açıqlayıb, bu, böyük göstəricidir. Azərbaycanın inkişafı böyük təəssürat oyadır. Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan şərəf hissi duyuruq. Azərbaycan hakimiyyəti mədəniyyətin ölkə daxilində və xaricində təbliğinə çalışır, xüsusi önəm verir. Mən hər il Qəbələyə gedirəm, orada caz festivalı keçirilir. İstəyirik ki, Azərbaycan mədəniyyətlərarası dialoq sahəsində töhfələrini davam etdirsin”.

Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin keçirildiyini, gələn ay Avropa Oyunlarının keçiriləcəyini qeyd edən R. Dati Azərbaycanın mədəniyyətlərarası dialoqun gücləndirilməsində rolunu davam etdirməsini zəruri sayıb: “Bakı prosesi reallıqdır və bizim gündəliyimizdə qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR