Karbamid zavodu ilə bağlı Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi hazırlanıb

Karbamid zavodu ilə bağlı Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi hazırlanıb
# 06 may 2015 10:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi tərəfindən Azərbaycanın ekoloji qanunvericiliyin və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq “Azot gübrəsi-Karbamid istehsalı zavodunun tikintisi və istismarı dövrü üzrə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi” (ƏMTQ) sənədi hazırlanıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ƏMTQ sənədi üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin yekun sənəddə nəzərə alınması məqsədilə maraqlı tərəflərin iştirakı ilə ictimai dinləmə keçirilib. Keçirilən ictimai dinləmədə “Azərikimya” İB-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Karbamid Zavodunun, Ekologiya İdarəsinin, Sumqayıt Dövlət Universitetinin, o cümlədən Sumqayıt şəhər İcra Hakimiyyətinin, hökumət və qeyri-hökumət təşkilatlarının, yerli icmaların 50 nəfər nümayəndəsi iştirak edib.

Azərbaycanın neft-qaz sənayesinin tarixi, inkişaf mərhələləri və bu sahədə əldə edilmiş uğurlar, reallaşdırılan beynəlxalq layihələr, Karbamid Zavodunun tikintisinin dövlət əhəmiyyətli layihə olması barədə ətraflı məlumat verilib. Karbamid Zavodu və “Azərikimya” İB-nin nümayəndələri tikiləcək müəssisənin ölkə iqtisadiyyatında rolu, yeni iş yerlərinin açılması, istehsal olunacaq karbamid gübrəsinin kənd təsərrüfatında tətbiqi imkanları, layihənin texniki hissəsi, o cümlədən baş planı və istehsalat proseslərinin texnoloji sxemi haqqında təqdimat keçiriblər.

Ekologiya İdarəsinin mütəxəssisləri Karbamid Zavodunun tikintisi və istismarı dövrü üzrə hazırlanmış ƏMTQ sənədinin məqsədi, bu sahədə yerli və beynəlxalq qanunvericilik, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, layihə ərazisinin flora və faunası, ekoloji həssas ərazilər, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə iştirakçılara ətraflı məlumat veriblər.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə rəy və təkliflər öyrənilib. İctimai dinləmədə verilmiş rəy və təkliflər nəzərə alınmaqla ƏMTQ sənədinin yekun variantı hazırlanacaq və razılaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR