AMEA Azərbaycanda müasir tələblərə cavab verən biotexnoloji sənaye kompleksinin yaradılmasını təklif edib

AMEA Azərbaycanda müasir tələblərə cavab verən biotexnoloji sənaye kompleksinin yaradılmasını təklif edib
# 10 mart 2015 15:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra Fiziologiya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Rafiq Qasımovun “Azərbaycanda akvakultura sahəsinin inkişafının əsas istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Son illər dünyada su hövzələrində bioresursların, o cümlədən balıq ehtiyatlarının kəskin azaldığını, hətta bəzi növlərin yox olmasının müşahidə edildiyini söyləyən R.Qasımov qeyd edib ki, bunun əsas səbəbləri dəniz və okean suları və onlara tökülən çaylarda antropogen təsirin artması, bioresursların ovunun düzgün təşkil edilməməsi, qəbul edilən konvensiyalara əməl olunmaması, o cümlədən balıqların çoxalması və nəslin inkişafı üçün şəraitin olmamasıdır. Bildirib ki, hazırda yer kürəsində ərzaq problemi, ərzaq təhlükəsizliyi bəşəriyyəti narahat edən məsələlərdəndir.

Zülal mənbələrindən biri olan balıq və balıq məhsullarının son illər ərzində kəskin azaldığını söyləyən məruzəçi bu istiqamətdə alternativ yolların tapılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, bu yollardan ən səmərəlisi balıqların və sənaye əhəmiyyətli su canlılarının akvakultura şəraitində böyüdülməsidir: “Bu sahədə əhəmiyyətli işlər aparılır. Norveç, Danimarka, ABŞ, İzrail, Finlandiya, Kanada, Yaponiya və Çində akvakultura sahəsi həmin ölkələrin balıq və balıq məhsullarına tələbatının 10-25 %-ni təmin edir”.

R.Qasımov Azərbaycanda akvakulturanın inkişafı üçün müasir tələblərə cavab verən biotexnoloji sənaye kompleksinin yaradılmasını təklif edərək, onu elmi əsaslarla şərh edib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. AMEA-nın müxbir üzvləri Tofiq Məmmədov, Validə Əlizadə, Novruz Quliyev, İlham Ələkbərov və başqaları çıxış edərək, təklif və tövsiyələrini səsləndiriblər. Təqdim olunan məruzənin həm elmi nöqteyi-nəzərdən, həm də ərzaq təhlükəsizliyi baxımından vacibliyini qeyd ediblər. Tədbirdə Fiziologiya İnstitutunun Elmi Şurasının yeni tərkibi, “Azərbaycanda yayılan fitoplazmaların genetik müxtəlifliyi” əlyazmasının AMEA-nın 2015-ci il üzrə nəşriyyat tematik planına daxil edilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin BTEB elmi təşkilatlarında 2012-2014-cü illərdə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul məsələlərinə də baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR