CEDAW: Dünyada 80 milyona yaxın qadın məcburən fahişəliyə cəlb olunur

CEDAW: Dünyada 80 milyona yaxın qadın məcburən fahişəliyə cəlb olunur
# 25 noyabr 2014 09:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Azərbaycanda məişət zorakılığına ilə mübarizə üzrə qanun qəbul edilməsi təqdirəlayiqdir və qanunvericiliyin qəbul edilməsi mühüm bir addımdır. Qanun tam icra olunması da çox vacibdir”.


APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən konfransda çıxışı zamanı Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitənin (CEDAW) vitse-prezidenti Pramila Patten deyib.


O bildirib ki, qadınlara və qızlara qarşı zorakılıq insanlığın ən utancverici insan haqları pozuntusu halıdır: "İllər ərzində bir sıra ölkələr ya yeni qanunlar qəbul ediblər, ya da mövcud qanunları təkmilləşdiriblər. Lakin qanunların icrası ilə bağlı müəyyən problemlər var. Bir sıra ölkələr bu istiqamətdə öhdəliklərini yerinə yetirə bilmirlər. Bu istiqamətdə razılaşdırılmış və geniş tədbirlər həyata keçirilməli, qadınların səlahiyyətləri artırılmalıdır".

P.Patten onu da vurğulayıb ki, dünyada qadınların 30 faizi fiziki və cinsi zorakılığa məruz qalır: "Bu, ən çox Afrikada və Yaxın Şərqdə müşahidə olunur. Dünyada 80 milyona yaxın qadın məcburən fahişəliyə cəlb olunur. Qadına qarşı zorakılıqdan danışırıqsa, polis, prokurorluq və məhkəmə orqanları müvafiq təlim keçməlidir ki, bu qanun tam şəkildə icra olunsun. Bu məsələlər siyasi müstəvidə həllini tapmalıdır. Siyasi iradənin olması və səhiyyə sahəsində qadınlara imkanların yaradılması olduqca vacib məsələlərdəndir. Qadınlara qarşı zorakılıq cəmiyyətdə qadınlara və kişilərə fərqli yanaşmadan irəli gəlir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR