Dövlət ittihamçısı İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib - YENİLƏNİB

Dövlət ittihamçısı İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib - <span style="color: red;">YENİLƏNİB
# 14 aprel 2015 14:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Beynəlxalq Bankın nümayəndəsi Namiq Həsənov ifadə verib. N. Həsənov bildirib ki, həm özü, həm də bankın digər əməkdaşları Hüquq Maarifçiliyi Cəmiyyətində (HMC) ödəniş əməliyyatlarını həyata keçiriblər. Bank nümayəndəsi ödəniş tapşırıqlarını həyata keçirən zaman bütün imzaların yoxlandığını qeyd edib.

Daha sonra prosesdə İntiqam Əliyevə ifadə vermək təklif olunub. Təqsirləndirilən şəxs isə deyib ki, ibtidai istintaq zamanı ona aid olan sənədlər ofisdən qanunsuz olaraq götürülüb, bu günə qədər də qaytarılmayıb.

Hakim isə bildirib ki, dövlət qurumlarına həmin sənədlərlə bağlı sorğu göndərilib və məhkəməyə cavab məktubu gəlib. Məktubda qeyd olunub ki, istintaq zamanı ofisdən hər hansı sənəd götürülməyib.

İntiqam Əliyev bu sənədlər ona qaytarılandan sonra çıxış edəcəyini açıqlayıb.

Hakim isə istintaq zamanı götürülən sənədlərdən 100-dən çox qovluğun vəkil Cavad Cavadlıya qaytarıldığını bildirib.

Prokuror Fərid Nağıyev istintaq zamanı ofisdə axtarışın qanunsuz deyil, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə aparıldığını deyib.

Daha sonra müdafiə tərəfinin ötən proseslərdə verdiyi və baxılmamış saxlanılan vəsatətlər müzakirə edilib.

Dövlət ittihamçısı həmin vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Prosesdə məhkəmə istintaqının tamamlanması barədə müzakirələr aparılıb.

Tərəflər istintaqın başa çatmasına etiraz etməyiblər.

Bundan sonra dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. Prokuror məhkəmədən İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İntiqam Əliyevin vəkili Şəhla Hümbətova müdafiə nitqi üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 21-də davam etdiriləcək.

Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR