Azərbaycanın Argentinadakı səfiri Ermənistan səfirinin və daşnak liderinin cavabını verib

Azərbaycanın Argentinadakı səfiri Ermənistan səfirinin və daşnak liderinin cavabını verib
# 22 dekabr 2014 10:31 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin dekabrın 5-də “Clarin” qəzetində dərc olunmuş məqaləsinə cavab olaraq Ermənistanın Argentinadakı səfiri Vahagn Melikiyan və Argentinanın erməni icmasının liderlərindən olan Daşnaksütun Partiyasının siyasi bürosunun üzvü Mario Nalpatianın həmin qəzetdə məktubları dərc olunub.

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, öz məktublarında erməni nümayəndələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün münaqişənin mahiyyətini təhrif edib və Azərbaycana qarşı yalan və təxribatçı fikirlər səsləndiriblər. Bunlara cavab olaraq “Clarin” qəzetinin 21 dekabr tarixli buraxılışında Məmməd Əhmədzadənin yeni cavab məktubu dərc olunub.

Məqalədə Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz həyata keçirdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən öz təcavüzünü ört-basdır etmək üçün qondarma rejimin yaradıldığı, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və danışıqlarda Ermənistanın iştirak etməsi münaqişə tərəfinin məhz Ermənistan olmasının ən elementar göstəricisi olduğu qeyd olunub.

“Azərbaycanın konstruktivliyi onun ATƏT-in Minsk Qrupu çərçivəsində uzun illərdən bəri gedən və Ermənistanın qeyri-konstruktivliyinə görə hələ də nəticə verməyən danışıqlar prosesində iştirakıdır”, - deyə fikirlərinə davam edən Azərbaycan səfiri bildirib ki, Qlobal Hərbiləşdirmə İndeksinə görə dünyada 3-cü ən çox hərbiləşdirilmiş ölkə olan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanın öz müdafiə sektorunu gücləndirməsi tam qanunauyğun haldır: “Azərbaycan Konstitusiyanın aliliyini əsas tutan hüquqi dövlətdir. Ermənistana münasibətdə demokratik prinsiplərdən danışmaq çox gülüncdür, ən azı ona görə ki, bu ölkə qonşusuna hərbi təcavüz edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozur. Ermənistandakı hərbi-oliqarxik repressiv diktatura rejiminin rəhbərləri əvvəllər Dağlıq Qarabağdakı separatçılara rəhbərlik etmiş, azərbaycanlı mülki əhaliyə qarşı qətliamlar, o cümlədən Xocalı soyqırımını törətmiş, sonradan isə Ermənistanda öz dinc vətəndaşlarına qarşı qətllər və terror həyata keçirərək hakimiyyəti qəsb etmiş və Ermənistanı dünyada ən geridə qalmış ölkələrdən birinə çevirmiş şəxslərdir”.

Yazının mətni ilə buradan tanış olmaq mümkündür:

http://www.clarin.com/cartas_al_pais/Armenia-Azerbaiyan-Cuba-inseguridad-robo-ruidos_molestos_0_1270673265.html

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR