Bakıda III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Bakıda III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
# 16 may 2015 10:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 18-19 may tarixində Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altına III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən xəbərə görə, forum Azərbaycan prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutacaq.

Forumda UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura, IRCICA - İslam Tarixi, İncəsənəti və Mədəniyyətinin Araşdırma Mərkəzinin baş direktoru Halit Eren, Belarusun mədəniyyət naziri Boris Svetlov, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze, Malayziyanın mədəniyyət və turizm naziri Dato Seri Məhəmməd Nəzri Bin Əbdul Əziz, Monteneqronun elm naziri Sanja Vlahoviç iştirak edəcəklər.

III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq.

Forum çərçivəsində "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" - mədəni hüquqlar, ekstermizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşması və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar, mədəniyyət paytaxtlarının dialoqu görüşü, mədəniyyət və turizm nazirlərinin 2-ci Dünya konfransı, həmçinin ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ilk ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçiriləcək.

Forumda mədəniyyətlərin dialoq fəlsəfəsini özündə əks etdirən xüsusi mədəni proqram da hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR