Sentyabrın 18-də İsmayıllı rayon prokurorluğunun inzibati binasında “Ətraf mühitin mühafizəsində hüquqi mexanizmlər və prokurorluğun rolu” mövzusunda seminar keçirilib.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, seminarda ətraf rayonlarda fəaliyyət göstərən prokurorluq orqanlarının əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və media subyektlərinin nümayəndələri, eləcə də ictimai fəallar iştirak ediblər.
Tədbirdə ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması, ekoloji hüquq pozuntularının qarşısının alınması, mövcud hüquqi mexanizmlərin səmərəli tətbiqi, prokurorluq orqanlarının bu sahədə fəaliyyəti, habelə aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Seminarı giriş sözü ilə açan İsmayıllı rayon prokuroru Tural Yusifov ətraf mühitin mühafizəsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasının, təbii sərvətlərdən qanuni və səmərəli istifadənin təmin edilməsinin, ətraf mühitə vurulan ziyanın qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquqi tədbirlərin görülməsinin əhəmiyyətindən danışıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov ekoloji məsələlərin ictimaiyyətə çatdırılmasında medianın rolundan bəhs edərək, ətraf mühitin mühafizəsi sahəsində baş verən hüquq pozuntuları barədə məlumatların operativ, obyektiv və düzgün təqdim edilməsinin, media subyektləri ilə prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın və ekoloji maarifləndirmənin vacibliyini diqqətə çatdırıb.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Vüsal Süleymanov isə çıxışında ekoloji təhlükəsizliyin təmin olunması sahəsində cinayət təqibindən kənar prokuror nəzarətinin imkanlarına toxunaraq, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının vaxtında müəyyən edilməsi, belə halların qarşısının alınması, ekoloji risklərin aradan qaldırılması və təbii sərvətlərdən istifadənin qanuniliyinin təmin olunması istiqamətində prokurorluğun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, bu sahədə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Seminar çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmə, ekoloji qanun pozuntularının müəyyən edilməsi və hüquqi qiymətləndirilməsi, təbii sərvətlərdən istifadəyə dair tələblərin pozulması hallarının qarşısının alınması, həmçinin prokurorluq orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.
***
12:31
İsmayıllı rayon prokurorluğunda media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində əsas məqsəd prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının artırılması, vətəndaşlarla birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi, hüquqi maarifləndirmənin təşviqi və prokurorluq orqanlarının fəaliyyətində açıqlıq və şəffaflıq prinsiplərinin nümayiş etdirilməsi olub.
Görüşdə çıxış edən İsmayıllı rayon prokuroru Tural Yusifov “Açıq qapı” günlərinin prokurorluğun fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması, hüquqi biliklərin artırılması və vətəndaşlarla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, prokurorluq tərəfindən həyata keçirilən fəaliyyətin əsas istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması və onların hüquq və qanuni mənafelərinin müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib.
Daha sonra iştirakçılara prokurorluq orqanlarının strukturu, səlahiyyətləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov respublika üzrə prokurorluq orqanlarının fəaliyyəti, həyata keçirilən institusional islahatlar və müasir idarəetmə yanaşmaları barədə danışıb. O, prokurorluq orqanlarının ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi, media ilə əməkdaşlığın inkişaf etdirilməsi və cəmiyyətin operativ və obyektiv məlumatlandırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Kənan Zeynalov, həmçinin müasir informasiya mühitində prokurorluq orqanlarının media və ictimaiyyətlə kommunikasiyasının əhəmiyyətindən bəhs edib, bu istiqamətdə qarşıda duran vəzifələr barədə məlumat verib.
Görüş zamanı İsmayıllı rayon prokurorluğunun əməkdaşları fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçirib, iştirakçıların hüquqi prosedurlar, müraciətlərə baxılması və prokurorluğun gündəlik fəaliyyəti ilə bağlı suallarını cavablandırıblar.
“Açıq qapı” günü çərçivəsində iştirakçılara “Elektron prokurorluq” informasiya sistemi, eləcə də prokurorluq orqanlarının istifadəsində olan müasir kriminalistik avadanlıqlar nümayiş etdirilib. Avadanlıqların istintaq və araşdırma zamanı tətbiqi barədə əyani məlumat verilib.
Tədbirin davamında iştirakçılar İsmayıllı rayon prokurorluğunun inzibati binası ilə tanış olublar.
Sonda xatirə fotosu çəkilib.