“Şuşaya azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosunun təqdimatı keçirilib

“Şuşaya azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosunun təqdimatı keçirilib
# 09 iyun 2015 10:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) birgə təşkil etdiyi “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosunun təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ADTGT sədri Asif Əsgərli deyib ki, müsabiqə elan olunandan sonra Azərbaycandan və eləcə də 8 xarici ölkədən yaradıcı şəxslər və QHT-lər tərəfindən yarışmaya böyük maraq göstərilib və 37 kreativ konseptli loqo variantları təqdim olunub. O bildirib ki, göndərilmiş bütün loqo versiyaları Rəssamlar İttifaqı, Dağlıq Qarabağın Azərbaycanlı İcması, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ADTGT nümayəndələri və müstəqil dizayn-rəssamlıq studiyaları təmsilçilərinin daxil olduğu Ekspert Komissiyası tərəfindən qiymətləndirilib.

Şura sədri Azay Quliyev Şuşanı Azərbaycanın simvolu adlandırıb: “Şuşanın mədəni abidələrinin dağıdılması təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Bu baxımdan biz bu kampaniyanı davam etdirməliyik. Bu gün Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ və Şuşadır. Ona görə də düşünürəm ki, kampaniya olduqca əhəmiyyətlidir və uğurla davam etdiriləcək”.

Millət vəkili Rövşən Rzayev çıxışında kampaniyanın əhəmiyyətini vurğulayıb. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov kampaniyanın xarici ölkələrdə təşkilinin zəruriliyini vurğulayıb.

Sonda ekspert komissiyası tərəfindən orijinallığı və loqo konsepti yüksək qiymətləndirilən, gürcüstanlı QHT rəhbəri Zurab Gventsadze tərəfindən təqdim olunan loqo qalib seçilib və bəyənilən variantın “Şuşaya Azadlıq!” beynəlxalq kampaniyasının rəsmi loqosu kimi müəyyən edilməsi qərara alınıb. Digər 2 loqo müəllifi (Azərbaycan və İspaniya təmsilçiləri) xüsusi diploma layiq görülüblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR