ƏƏSMN-nin əmək birjaları 2 min nəfərə yaxın şəxsi müvəqqəti işlərlə təmin edib

ƏƏSMN-nin əmək birjaları 2 min nəfərə yaxın şəxsi müvəqqəti işlərlə təmin edib
# 25 iyul 2014 12:43 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları 1995 nəfər şəxsi müvəqqəti xarakterli iş yerlərinə göndərib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, onlardan 1070 nəfəri qadınlar, 889 nəfəri gənclər, 64 nəfəri qaçqın və məcburi köçkünlər olub.

Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli, o, cümlədən birdəfəlik və ya mövsümi işlərlə təmin olunmasına köməklik göstərir. Birjalarda bu məqsədlə əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növlərdə müvəqqəti xarakterli işlərin görülməsinə dair sifarişlər qəbul olunur və belə işlərdə çalışmaq üçün müraciət etmiş vətəndaşlara təklif edilir.

Ümumilikdə, bu ilin ilk yarısında ƏƏSMN-nin məşğulluq xidməti orqanları 13 742 nəfər münasib işlə təmin edilib. Bu müddətdə 1 782 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 57 327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb edilib.

Eyni zamanda, pilot layihə çərçivəsində ilk dəfə iş axtaran 15 nəfər ali təhsilli gənc ilk 6 ay ərzində əmək haqlarının işəgötürən tərəfindən deyil, subsidiyalı formada BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti əsasında münasib işlərlə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR