Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətidən məlumat verilib.
Müvafiq status DİN-in AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müşahidəçi statusu eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir.