Bakının dayanıqlı nəqliyyat investisiya proqramı dekabrda hazır ola bilər

Bakının dayanıqlı nəqliyyat investisiya proqramı dekabrda hazır ola bilər
# 05 sentyabr 2014 07:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı şəhərinin dayanıqlı nəqliyyat investisiya proqramı dekabr ayınadək hazır ola bilər.

Bu barədə “APA-Economics”ə Asiya İnkişaf Bankından (AİB) məlumat verilib.

Bankdan bildirilib ki, investisiya proqramının hazırlanması məqsədi ilə avqustun 27-dən sentyabrın 4-ə qədər Bakıya AİB-in şəhərsalma üzrə mütəxəssisi David Marqonşternin rəhbərliyi ilə nümayəndə heyəti gəlib.

Bankın ekspertləri Nəqliyyat Nazirliyində keçirilmiş görüş zamanı hazırladığı yekun hesabatın ilkin variantının təqdimatını keçirib. Nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi altında keçirilən görüş zamanı tərəflər Bakıda ictimai nəqliyyatın yaxşılaşdırılması strategiyasını, şəhərdaxili dəmiryolu nəqliyyatın inkişaf etdirilməsi, avtobuslar vasitəsi ilə kütləvi və sürətli tranzit sistemin yaradılması, şəhər avtobus sisteminin yenidənqurulması, avtomobil dayanacaqlarının idarə edilməsi, paytaxt yol şəbəkəsinin və əsas qovşaqların təkmilləşdirilməsi kimi prioritet təşkil edən məsələlər müzakirə edib.

Yekun hesabatın 2014-cü il dekabr ayında hazır olması gözlənilir.

Qeyd edək ki, AİB tərəfindən Bakı şəhəri dayanıqlı nəqliyyat investisiya proqramın hazırlanması üçün ayrılmış 925 min ABŞ dolları məbləğində qrant çərçivəsində məsləhətləşmələrə 2013-cü il oktyabr ayında başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR