Bank Of Baku

Deputat: Ekipajın iş yükü və yorğunluğu reyslərin təhlükəsizliyinə birbaşa təsir edir

Nigar Məmmədova, Millli Məclisin deputatı

© APA | Nigar Məmmədova, Millli Məclisin deputatı

# 14 sentyabr 2026 11:32 (UTC +04:00)

Ekipaj üzvlərinin sağlamlığı və təhlükəsizliyi aviasiyanın əsas prioritetlərindəndir.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Aviasiya haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Nigar Məmmədova deyib.

Deputat bildirib ki, Azərbaycan beynəlxalq aviasiya sisteminə inteqrasiya prosesini davam etdirir və milli qanunvericiliyini beynəlxalq standartlarla uyğunlaşdırır: “Bu istiqamətdə ekipaj üzvlərinin iş yükünün, yorğunluğunun və sağlamlığının tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən dəyişikliklər həm beynəlxalq, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq baxımdan Azərbaycan bir daha öz öhdəliklərini icra edən dövlət kimi rolunun möhkəmləndirilməsini vurğulayır. Həmçinin beynəlxalq aviasiya sisteminə inteqrasiya etmiş mövqeyini təsdiqləyir. Biz aviasiya sistemində təhlükəsizliyi təmin etmiş dövlətik və bu mövqeyimizi bir daha vurğulayırıq. Eyni zamanda milli qanunvericiliyimizi beynəlxalq standartlarla inteqrasiya edir, harmonizə edirik”.

Nigar Məmmədova qeyd edib ki, dəyişikliklərin sosial aspektində əsas diqqət insan amilinə yönəldilir: "Ekipaj üzvlərinin sağlamlığı, yorğunluğu və iş yükünün reyslərin təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğu vurğulanır. İş yükü, yorğunluq və ekipajın təhlükəsizliyi nə qədər düzgün sistemləşdirilər, tənzimlənər və monitorinq edilərsə, bu, reyslərin təhlükəsizliyinə, minlərlə insanın sağlamlığına və təhlükəsizliyinə birbaşa təsir göstərəcək”.

Deputat Azərbaycanın nəqliyyat və logistika xəritəsində mövqeyinin gündən-günə gücləndiyini də diqqətə çatdırıb: “Ölkənin beynəlxalq və regional hava limanlarının nəqliyyat qovşaqlarında rolu artır. Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə yanaşı, regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hava limanları Azərbaycanın regional inteqrasiyasına mühüm töhfə verir. Bizim nə qədər peşəkar ekipaj üzvlərinə ehtiyacımız varsa, bir o qədər də sağlam ekipaj üzvlərinə ehtiyacımız var. Çünki bu, Azərbaycanın aviasiyasının rəqabətliliyini artırır. Digər tərəfdən, biz həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə aviasiyamızın nə qədər sağlam və təhlükəsiz olduğunu göstəririk”.

O, ekipaj üzvlərinin fiziki və psixoloji sağlamlığının, eləcə də təhlükəsizliyinin aviasiya sektorunda prioritet istiqamətlərdən biri olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR