Cəlilabadda arxeoloji qazıntılar zamanı tapılan nümunələr Azərbaycanda Kür-Araz mədəniyyətinin başlanğıc nöqtəsi sayıla bilər.
Bu barədə APA-nın cənub bürosuna Cəlilabad rayonunun Çəmənli kəndində yerləşən Xudutəpə qədim yaşayış məskənində arxeoloji qazıntılarla bağlı ekspedisiyanın rəhbəri Anar Ağalarzadə deyib. Onun sözlərinə görə, çoxtəbəqəli qədim yaşayış məskəni olan Xudutəpədə aşkar olunan yeni nümunələr Kür-Araz mədəniyyətinin yaranması və yayılması arealının ən qədim variantının məhz Muğandan, Xudutəpədən başladığını deməyə əsas verir: "Əldə olunan arxeoloji materiallar Kür-Araz mədəniyyətinin mənşəyi və ilkin yayılma arealı ilə bağlı tarix məlumatlarının yenidən nəzərdən keçirilməsinə əsas verə bilər".
Məlumata görə, hazırda qazıntılar davam etdirilir. Ərazidən əldə olunacaq yeni tapıntıların Kür-Araz mədəniyyətinin yaranması və yayılma istiqamətləri ilə bağlı elmi məlumatların daha da dəqiqləşdirilməsinə imkan verəcəyi bildirilir.
Qeyd edək ki, 2021-ci ildən aparılan arxeoloji qazıntılar zamanı təsərrüfat quyuları, ocaq və təndir qalıqları, yaşayış otaqları və müxtəlif tikili izləri aşkarlanıb. Aşkarlanan nümunələr Xudutəpə ərazisində yaşayışın eramızdan əvvəl V minillikdən başlayaraq Orta əsrlərə, XIV-XV əsrlərə qədər davam etdiyini göstərir.