“Qəbələ” klubunun baş məşqçisi D.Muntyanu: "Bu 18-liklə mən nə edə bilərdim?"

“Qəbələ” klubunun baş məşqçisi D.Muntyanu: "Bu 18-liklə mən nə edə bilərdim?"
# 03 iyul 2014 23:40 (UTC +04:00)

Bakı-APA. “Sizin yanınızda sevinə bilmərəm. Çünki oyunumuz alınmadı. Bütün məsuliyyət mənim boynumdadır. Hər kəsdən yenilgiyə görə üzr istəyirəm”. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Dorinel Muntyanu deyib.

Bu gün avrokuboklarda ilk oyununu keçirən “Qəbələ” I təsnifat mərhələsinin Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə ilk görüşündə azarkeşlərini sevindirə bilməyib. Komandamız 0:2 hesabı ilə məğlub olub.

Muntyanu yenilgiyə belə şərh verib: “Rəqib il yarımdır bir yerdə oynayan komanda idi. Sözsüz ki, cavab oyununda biz möcüzə gerçəkləşdirməklə növbəti mərhələyə keçməyə çalışacağıq. Futbolçulara təşəkkür edirəm, onlar əllərindən gələni etdilər”.

Rumıniyalı çalışdırıcı görüşə optimal heyəti buraxdığını bildirib: “Siz hazırlıqlarımız zamanı yaranan problemlərimizi bilmirsiniz. Futbolçularım çox çalışsalar da, bu gün onların günü deyildi. Problemlərimiz ondadır ki, cəmi 2 həftə hazırlıq keçmişdik. İlk hissədə rəqiblə başa-baş mübarizə apardıq. İkinci hissədə isə yorğunluq öz sözünü dedi və ehtiyatda dəyişiklik etməyə oyunçumuz yox idi. Düşünürəm ki, bu gün “Qəbələ” üçün ən optimal heyəti meydana buraxmışdım”.



“Qəbələ”nin yeni baş məşqçisi əlindəki heyətin yetərli olmadığını media mənsublarına xatırladıb: “Öncə oyunu təhlil etməliyəm. Rəhbərliklə heyət barəsində müzakirə aparmışıq. Bizim məhdud sayda oyunçumuz var. Bu 18-liklə mən nə edə bilərdim? Hazırda uduzduğumuz oyundan sonra media qarşısında hansı oyunçuların mənə lazım olduğunu, hansıların lazım olmadığını deyə bilmərəm. Çalışacağam ki, balanslaşdırılmış heyət formalaşdırım. Ruslan Abışovun oyunundan çox razıyam. O, uzun müddət futbol oynamamışdı. Bu üzdən ondan narazı qala bilmərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR