Ali Məhkəmə quldurluqda təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi şikayəti təmin etməyib

 Ali Məhkəmə quldurluqda təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi şikayəti təmin etməyib
# 30 sentyabr 2015 12:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Natiq Əliyev və digərlərinin barələrində olan məhkəmə hökmündən prokurorluğun verdiyi kassasiya protestinə baxılıb.

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə protesti təmin etməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər taksi sürücüsü Yusif Muradova hədə-qorxu gələrək pulunu almaqda ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı Yusif Muradovun Nizami rayon 23 -cü Polis Bölməsinin rəisi və əməkdaşları tərəfindən təzyiq altında izahat yazdığı sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər – Natiq Əliyev, Tural Quliyev, Ceyhun İsayev, Elnur Məlikov və onun qardaşı Emil Məlikova ittiham olunduqları Cinayət Məcəlləsinin 181.2.1-ci , 181.2.5-ci (quldurluq) maddələri üzrə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Məhkəmə cinayət işini düzgün araşdırmayan, yalnız ehtimallara əsaslanıb ittiham aktı tərtib edən Nizami rayon Polis İdarəsinin müstəntiqləri Rüfət Allazov və Əli Əhmədovun barələrində də xüsusi qərar çıxarıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı isə hökmün ləğv olunması barədə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun protestini təmin etməyib. Bundan sonra o, Ali Məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR