Müsavat başqanının müavini Elman Fəttahın fikirləri ADR-də olan müsavatçılar tərəfindən etirazla qarşılanıb

Müsavat başqanının müavini Elman Fəttahın fikirləri ADR-də olan müsavatçılar tərəfindən etirazla qarşılanıb
# 25 mart 2015 10:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Elman Fəttahın fikirləri Müsavat Partiyasının Nizamnaməsinə ziddir”.

Bunu APA-ya açıqlamasında Müsavat Divanının sabiq üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü, professor Adil Qeybulla Müsavat başqanının müavini Elman Fəttahın fikirlərinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, E. Fəttah ADR rəhbərliyində olan şəxslərin Müsavatda qala bilməyəcəklərini, özünə hörmət edənlərin istefa verəcəyini, digərlərinin isə partiyadan xaric edilməsi məsələsinə baxılacağını söyləyib.

A. Qeybulla isə qeyd edib ki, Nizamnamə qadağası olmadığına görə, Müsavatda fəaliyyət göstərən şəxslərin hamısı ictimai təşkilatlarda təmsil oluna bilər: “Bu baxımdan hansısa şərtlər irəli sürmək ən azı insan hüquqlarının pozulmasıdır. Digər tərəfdən, Müsavat rəhbərliyində olan bəzi şəxslər də digər ictimai birliklərdə - Strateji Düşüncə Mərkəzi və başqa siyasi bloklarda təmsil olunurlar. Heç kim onlara demir ki, burada Nizamnamə pozulur. Gələcəkdə ADR-in partiyaya çevriləcəyi və ya hansı istiqamətdə fəaliyyət göstərəcəyinə gəlincə isə, bu barədə münəccimlik etməyə ehtiyac yoxdur. Çünki bunu zaman göstərəcək”.

Müsavat başqanının müavini Elman Fəttah isə APA-ya açıqlamasında bildirib ki, partiyadaxili müzakirəni mətbuata çıxarmaq həmin şəxslərin Müsavata qarşı fəaliyyətlərinin davamıdır: “Mən müsavatçıların sosial şəbəkədəki qapalı qrupunda müzakirə olunan məsələni şərh etmirəm. Çünki bu, mətbuat üçün deyil”.

Qeyd edək ki, E. Fəttahın fikirlərini ADR rəhbərliyində təmsil olunan Müsavat Məclisinin üzvü Vurğun Əyyub və partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli də etirazla qarşılayaraq, bunu Nizamnamə pozuntusu kimi dəyərləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR