Analizlərin nəticələrinə olan şübhələr əsaslıdırmı? – Eldar Əliyev - VİDEO

Analizlərin nəticələrinə olan şübhələr əsaslıdırmı? – Eldar Əliyev - <span style="color: red;">VİDEO
# 04 iyul 2014 14:21 (UTC +04:00)

Analizlərin nəticələrinə təsir edən amilləri aradan qaldırmaq üçün nə etmək lazımdır?

Biokimya uzmanı Eldar Əliyev: “Bəzən həkimlər xəstəni yanlış olaraq çoxlu sayda analizlərə göndərir, cavablara əsasən diaqnoz çıxarmağa çalışırlar...”

“Analizləri verən zaman xəstələr mütləq həkimin verdiyi göstərişlərə əməl etməlidirlər.

Ac qalmaq deyəndə konkret deyilən saatlar ərzində qida qəbul olunmaması zəruridir. Bu məsələlərdə dürüst olmaz lazımdır. Aclıq müddətində siqaret çəkilibsə, alkoqol qəbul olunubsa, həkimə deyilməlidir. Çünki bunlar analizlərin nəticələrinə təsir edən amillərdir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Mərkəzi Neftçilər Xəstəxanasının laboratoriya müdiri, biokimya uzmanı, biologiya elmləri doktoru Eldar Əliyev deyib.

Eldar Əliyev, hətta siqaret qəbulundan sonra qanda qlükozanın, insulinin yüksəldiyini, hətta spirt qəbulundan bir gün sonra müəyyən fermentlərin qanda miqdarının artdığını açıqlayıb: “Həkimlər hər zaman xəstələri düzgün yönləndirməlidirlər. Xəstələrin isə həkimlərin direktivlərinə əməl etmələrini istəyirik. Əks halda analizlərin nəticələri səhv olar. Yanlış olanda isə xəstənin diaqnozu da müalicəsi də yanlış aparılır”.

Mütəxəssis qeyd edib ki, əslində həkim diaqnozu qoyub sonra şübhə etdiyi məqamlarla bağlı xəstəni analizlərə yönləndirməlidir: “Amma bəzən həkim xəstəni çoxlu sayda analizlərə göndərir. Və analizlərin cavablarına əsasən diaqnoz çıxarmağa çalışır. Bu yanlış qərardır. Bu əlavə enerji, əziyyətdir və maddi itkidir”.

Onun sözlərinə görə, xəstələrin birbaşa laboratoriyalara müraciət etməsi düzgün deyil. Xəstə şikayətlə müvafiq həkimə müraciət etməli və onları analizləri verməyə həkim yönəltməlidir: “Xəstələr müalicə həkiminin yanında olmadan laboratoriyaya getməməlidir. Müalicə həkimi xəstəni dinlədikdən sonra ya laboratoriyaya, ya şüa diaqnostikasına yönəltməlidir. Amma hər bir insan laboratoriyaya “Check- up” analizlərlər bağlı müraciət edə bilər”.

E. Əliyev deyib ki, əslində 20 yaşdan sonra ildə bir dəfə hər bir insan yaşa uyğun “Check-up” analiz müayinələrindən keçməlidir.

Mütəxəssis onu da deyib ki, analizlərlə bağlı nümunə qəbulunda edilən xətalar da çox vacib məqamlardan birdir: “Laboratoriyada yan təsirləri aradan qaldırmaq, laboratoriya xətalarının qarşısını almaq üçün birinci növbədə barkod sistemi tətbiq olunmalıdır.

Eyni ildə, eyni gündə anadan olmuş, eyni soyadlı, adlı və ata adlı iki xəstə müraciət edə bilər. Onların birinə nefropatiya, başqa birinə ayrı dianoz qoyulmuş ola bilər. Belə olanda biz onları necə ayırd edəcəyik? Onun cavabını buna, bunun cavabını ona vermək kimi problemin qarşısını almaq üçün nümunənin dəqiq qəbulu çox önəmlidir. Nümunə barkodlanmalı, nömrələnməlidir. Xəstənin adı, soyadından daha çox barkod nömrəsinə diqqət yetirilməlidir. Bununla xəta saylarını azaltmaq olar”.

Laboratoriyalara evdən nümunə qəbuluna toxunan mütəxəssis bunun əslində normal hal olduğunu deyib: “Evdən nümunə gətirilməsi halları hər yerdə var. Amma evdə alınan nümunələrin çatdırılma qaydası var. Məsələn, qanı alan kimi soyuq şəraitdə təcili çatdırmaq lazımdır. Qanı alıb, 2-3 saat gözləyəndən sonra çatdıranda xətalar baş verər, nəticədə diaqnozun qoyulmasında yanlışlıq olar.

Hər nümunənin özünün daşınma şərti var. Əksər nümunələr buz üstündə çatdırılmalıdır.

Hər şeydən əvvəl nümunə qəbulunda standartlara əməl olunmalıdır”.

E. Əliyev səhiyyə turizminin, xəstələrin digər sahələr, o cümlədən analizlərlə bağlı qonşu ölkələrə getməsinin qarşısını almaq üçün insanları görülən işin doğruluğuna inandırmağın lazım olduğunu vurğulayıb.

Qiymətlərin baha olması barədə iddialara toxunan E. Əliyev “Biz reaktivləri üçüncü əldən alırıq. Ona görə də baha başa gəlir. Bunu normal saymaq olar. Bu məsələdə minimal dəyər olmalıdır. Bəzən laboratoriyalar rəqabətə görə qiymətləri aşağı salmağa çalışır, bu isə keyfiyyətə təsir edər. Hər şeydən əvvəl müvafiq standartlara uyğun reaktivlər işlətmək lazımdır”, - deyə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR