Bişkekdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Qırğızıstana verdiyi yanğınsöndürən avtomobillərinin təqdimatı keçirilib

Bişkekdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Qırğızıstana verdiyi yanğınsöndürən avtomobillərinin təqdimatı keçirilib
# 06 mart 2015 13:46 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi təmənnasız olaraq Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinə 5 yanğınsöndürən avtomobil təqdim edib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar Bişkekdə rəsmi mərasim keçirilib.

Mərasimdə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov, Qırğızıstan Hökuməti Aparatının fövqəladə hallar və hüquq qaydaları üzrə şöbəsinin məsul işçisi Abdutalip Kamalov, Qırğızıstan FHN-in dövlət xidməti üzrə agentliyinin rəhbəri, polkovnik Nurjan Osmonaliyev və digərləri iştirak ediblər.

Polkovnik N. Osmonaliyev mərasim iştirakçılarına yanğınsöndürən texnika vahidlərini göstərib, avtomaşınların və onların Qırğızıstanın regionlarına paylanması haqqında məlumat verib.

Nazir K. Boronov isə qırğız xalqı və hökuməti tərəfindən Azərbaycan hökumətinə və Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən avtomaşınların təqdim edilməsi ilə bağlı göstərilmiş yardıma görə minnətdarlığını bildirib. O qeyd edib ki, ölkələr arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq yeni mərhələyə keçir, gələcəkdə daha çox birgə layihələrin və tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Sonra çıxış edən səfir H. Orucov bundan sonra da Azərbaycanla Qırğızıstan arasında fövqəladə hallar sahəsində ikitərəfli əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, ölkələrimizin fövqəladə hallar nazirliklərinin əməkdaşlığımızın möhkəmlənməsi sahəsində yaxşı təcrübə qazandıqlarını xüsusilə vurğulayıb. Diplomat qeyd edib ki, son vaxtlar iki ölkə arasında sənaye, ticarət, rabitə, nəqliyyat, elm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə əlverişli əlaqələr qurulub, lakin əməkdaşlığın inkişafı üçün güclü istifadə olunmamış potensial mövcuddur. O əlavə edib ki, ölkələrimiz arasındakı əməkdaşlıq prezidentlərin xüsusi maraq dairəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR