Xələf Xələfov Litva xarici işlər nazirinin müavini ilə görüşüb

Xələf Xələfov Litva xarici işlər nazirinin müavini ilə görüşüb
# 16 may 2015 10:27 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası ilə Litva Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Litva xarici işlər nazirinin müavini Andrius Krivas arasında görüşü keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı X.Xələfov Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib və siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli siyasi dialoqun güclənməsinə təkan verdiyini qeyd edib. X. Xələfov əlaqələrin daha da dərinləşməsi və yeni əməkdaşlıq imkanlarından istifadə olunması baxımından qarşılıqlı yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurğulayıb.

Regionda sülh və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkişafına başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə toxunan X.Xələfov, Litvanın bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həssaslığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə mümkün olduğunun labüdlüyünü bildirib.

Eyni zamanda münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsinə dair Avropa İttifaqının qəti mövqe ortaya qoymasının zəruriliyi vurğulayıb.

X.Xələfov iki ölkə arasında Hökumətlərarası İqtisadi Komissiyanın mütəmadi əsasda iclaslarının keçirilməsinin mövcud ticarət dövriyyəsinin artması və yeni iqtisadi layihə və təşəbbüslərin, eləcə də əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından önəmli platforma olduğunu qeyd edib.

İkitərəfli münasibətlərin ruhuna uyğun olaraq çoxtərəfli formatda da iki ölkə arasında qarşılıqlı anlaşma və dialoqun yüksək səviyyədə olduğunu bildirən X.Xələfov Azərbaycan və Litvanın mövqelərinin yaxın və bir çox hallarda üst-üstə düşdüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR