“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanun “Pasportlar haqqında” qanun adlandırılıb

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanun “Pasportlar haqqında” qanun adlandırılıb
# 17 oktyabr 2014 10:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, dəyişikliyə əsasən “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun adı dəyişdirilərək “Pasportlar haqqında” qanun adlandırılıb. Bununla əlaqədar qanundan bir sıra maddələr çıxarılır.

Yeni layihəyə əsasən 1-ci (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ), 2-ci (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi), 11-ci (Xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti) və 15-ci (Azərbaycan Respublikasına pasportsuz və ya vizasız gələn əcnəbilər) maddələr ləğv edilir.

Müzakirələrdə çıxış edən Sabir Rüstəmxanlı deyib ki, Ermənistan xaricdə yaşayan hər erməniyə vətəndaşlıq verir: “Ancaq Azərbaycandan Rusiya və digər ölkələrə işləmək üçün gedən insanlar ölkəyə qayıdan zaman böyük çətinliklərlə qarşılaşırlar. Bu çətinliklər aradan qaldırılmalıdır”.

Elmira Axundova Azərbaycana gələn xarici ölkə vətəndaşlarının qeydiyyatı ilə bağlı 3 günlük müddətin uzadılmasını təklif edib: “Çünki xarici ölkə vətəndaşı şənbə günü Azərbaycana gələ bilər, bu zaman qeydiyyatla bağlı prosedurun yerinə yetirilməsi üçün yalnız bir gün qalır. Ona görə də bu müddətin uzadılmasını təklif edirəm”.

MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, ilk növbədə Azərbaycan vətəndaşları barədə düşünmək lazımdır: “Xaricdə olan vətəndaşlarımızın viza müddətindən bir gün keçəndə başlarına hansı oyunu açdıqlarından xəbərdarsınız? Yoxsa, bütün sərhədləri açaq? Qonaqpərvərliyin də bir həddi var”.

Çingiz Qənizadə prezident İlham Əliyevin qanunvericilik təklifi ilə çıxış etdiyini və xarici ölkə vətəndaşlarının qeydiyyat müddətinin 3 gündən 10 günə qaldırılacağını nəzərə çatdırıb. Z. Əsgərov bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə sual ünvanlayıb və nə üçün bu barədə məlumat vermədiyini söyləyib. Ə. Hüseynli də bununla bağlı Miqrasiya Məcəlləsində dəyişiklik nəzərdə tutulduğunu və bu dəyişikliyin 19-cu məsələ kimi bu gün Milli Məclisin gündəliyinə daxil edildiyini xatırladıb: “Sadəcə, gündəlikdən kənara çıxmaq istəmədim”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR