Məqsədimiz Azərbaycanda davamlı ürək transplantasiyası proqramının qurulmasıdır.
APA xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev “Ürək transplantasiyası həftəsi” çərçivəsində keçirilən konfransda deyib.
O bildirib ki, Azərbaycanda səhiyyənin inkişafı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət səhiyyə siyasətinin birbaşa nəticəsidir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan transplantasiya kimi tibbin və cərrahiyyənin ən mürəkkəb sahələrindən birində regionun lider dövləti kimi çıxış edir:
“Ötən bir ildə dörd xəstəyə ürək transplantasiyası əməliyyatı icra etdik. Azərbaycanın bu yoldakı səyahəti 1999-cu ildən başlayır. 26-27 illik hazırlıq dövründən sonra ötən il ilk dəfə fevral ayında qaraciyər transplantasiyası daha sonra isə oktyabr ayında ürək transplantasiyası ilə meyitdən orqan köçürülməsi prosesi real şəraitdə sınaqdan keçirildi. Düşünürəm ki, ölkəmizin keçdiyi hazırlıq mərhələsindən sonra ötən il biz bu imtahandan uğurla çıxa bildik.
İnanıram ki, bu gün burada toplaşanlar və burada olmayan onlarla gənc həmkarımız bu işi davamlı ənənəyə çevirəcəklər. Bizim məqsədimiz ölkəmizdə davamlı ürək transplantasiyası proqramının qurulması idi. Bu günə qədər dörd xəstəyə əməliyyat icra etmişik, əməliyyatlar texniki baxımdan uğurla başa çatıb.
Ona görə də ümidlə inanıram ki, biz bunu ənənəyə çevirəcəyik və davamlı ürək transplantasiyası proqramı ölkəmizdə getdikcə daha geniş vüsət alacaq”.
Kamran Musayev vurğulayıb ki, ölkədə transplantasiyaya maraq artıb: "Bu artım iki istiqamətdə müşahidə olunur. Bildiyiniz kimi, xüsusilə ürək transplantasiyası üçün beyin ölümü baş vermiş donorlara ehtiyacımız var. Yəni beyin ölümü baş vermiş şəxslərin ailələri onların orqanlarını bağışlamalıdır".
O qeyd edib ki, hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir:
“Ürək transplantasiyası gözləyən xəstələrimizin arasında dörd-beş yaşlı uşaqlardan tutmuş 60 yaşlı insanlara qədər müxtəlif yaş qruplarının nümayəndələri var”.