Koreya səfirliyi Bərdədə məcburi köçkün şagirdləri üçün rəsm müsabiqəsi keçirib

Koreya səfirliyi Bərdədə məcburi  köçkün şagirdləri üçün  rəsm müsabiqəsi keçirib
# 31 may 2015 01:58 (UTC +04:00)

Bakı-APA. Mayın 30-da Koreyanın Azərbaycandakı səfirliyi Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bərdə rayonunda məcburi köçkün şagirdləri üçün “sehirli nağıl” rəsm müsabiqəsi təşkil edib. Səfirlikdən APA-ya verilən xəbərə görə, bununla əlaqədar olaraq, mayın 29-da Bərdəyə gələn Koreyanın səfiri Çoi Suk İn Bərdə rayonu İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüb. Daha sonra, səfir Bərdə rayonunda yerləşən məcburi köçkün qəsəbəsi ilə tanış olmuş və bir ailəyə baş çəkərək onlarla söhbət edib.

Ağdam rayonu 1 saylı köçkün tam orta məktəbində keçirilən müsabiqədə 2-5-ci sinif şagirdlərdən ibarət 100 məcburi köçkün şagird iştirak edib. Şagirdlər Azərbaycan nağılı “Göyçək Fatma” və Koreya nağılı “Şim Çonq” haqqında təsəvvürlərini rəsmlərdə təsvir etdilər və müsabiqənin üç əsas qalibi Samsung Galaxy planşetləri və smartfonlarla mükafatlandırılıb.

Müsabiqənin iştirakçısı olan bütün şagirdlərə Koreya səfirliyi və Koreya şirkətləri olan Halla Korporasiyası və Heerim Memarlıq və Planlaşdırma şirkətləri tərəfindən məktəbli çantaları, dəftərxana ləvazimatları və şirniyyatlar hədiyyə olunub. Müsabiqədən sonra Koreya səfiri Çoi Suk İn şagirdlərlə birgə Azərbaycan plovu və kababı ilə nahar edib.

Həmin gün Bərdə Mədəniyyət evində Koreyalı rejissor Sonq Si-heubun 2014-cü ildə ekranlaşdırdığı “Nizamlı adam” romatik komediya filminin nümayişi keçirilib. Koreyada və dünyanın bir çox ölkəsində populyarlıq qazanmış film 300-dən artıq Bərdə sakini tərəfindən maraqla izlənilib.

Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Bərdə rayonu İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. Koreya səfirliyi bu kimi tədbirləri ötən ay Füzuli rayonunda həyata keçirib və bu il Azərbaycanın daha bir rayonunda həyata keçirməyi nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR