Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verən 44632 abituriyent elektron ərizələrini təsdiqləyib

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verən 44632 abituriyent elektron ərizələrini təsdiqləyib
# 30 aprel 2013 08:06 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən 44632 abituriyent elektron ərizələrini təsdiqləyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 39098-i Azərbaycan, 5534-ü isə rus bölməsinin abituriyentləridir. Ali məktəblərin I ixtisas qrupu üzrə 15112, II ixtisas qrupu üzrə 10761, III ixtisas qrupu üzrə 13676, IV ixtisas qrupu üzrə isə 5083 abituriyent sənəd verib.

Abituriyentlər mayın 17-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və təsdiq etməlidirlər. Mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etməlidirlər.

Ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər, 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini mayın 17-dək SQK-lara müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olmaq istəyən bütün abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər.

Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə mayın 17-dək müvafiq SQK-da təsdiq etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR