Autizmi dərmanlarla müalicə etmək doğrudurmu? - VİDEO

Autizmi dərmanlarla müalicə etmək doğrudurmu? - <span style="color: red;">VİDEO
# 05 sentyabr 2014 08:54 (UTC +04:00)

“Sindromun ilk əlamətlərinə 3-4 yaşlarda rast gəlinir”

“Əsasən ünsiyyət və davranış pozuntuları, təkrari və stereotip maraqlarla özünü büruzə verən psixiatrik və nevroloji problemin – autizmin erkən yaşda diaqnostikasını müəyyənləşdirməklə belə uşaqların gələcəyini dəyişdirmək mümkündür”.

Bunu APA TV-də efirə gedən “Öncə sağlıq” proqramının qonağı psixonevroloq, tibb üzrə fəlsəfə doktoru Kamran Salayev deyib.

Xəstəliyin səbəblərindən danışan mütəxəssis irsi amilin əsas rol oynadığını deyib: “Autizmin əsas səbəbi kimi genetik faktora xüsusi diqqət yetirmək lazımdır. Burada kənar mühitdən, həyat tərzindən yaranan ikinci dərəcəli amillər də rol oynaya bilir, amma əsas genetik faktordur. Əvvəllər çox vaxt valideynlərin tərbiyə üsulunda qüsurların olması da səbəb kimi göstərilirdi lakin bu əsassızdır”.

Kamran Salayev ailədə gec doğulan uşaqlarda autizmə daha çox rast gəlindiyini qeyd edib: “Autizmin genetik səbəbləri dedikdə, doğuşdan əvvəlki amillər nəzərdə tutulur. Lakin bəzən əkiz uşaqlarda birində autizm olub, digərində olmaya bilər. Bu isə artıq genetik amilin yox, ətraf mühit amilinin əsas rol oynadığını göstərir. Lakin bunun radiasiya, zəhərlənmə və ya başqa şey olduğunu tam aydın demək mümkün deyil. Genetik amilə görə, əgər əkizlərdən biri autizmdən əziyyət çəkirsə, o biri uşaqda bu xəstəliyin aşkarlanma ehtimalı daha çoxdur. Elə ailələr var ki, 3 uşağın üçündə də autizm var. Ancaq son araşdırmalara görə, atanın yaşının çox olması, autizmli uşağın doğulma ehtimalını artırır”.

Autizm sindromundan əziyyət çəkən uşaqların sayının artmasını daha çox müayinə metodlarının inkişafı ilə əlaqələndirən Kamran Salayev cəmiyyətin bu xəstəlik barədə maarifləndirilməsini də vacib hesab edir: “Sayın artmasını diaqnoz qoyulan xəstələrin aşkarlanması ilə də əlaqələndirmək olar. Artıq həm cəmiyyət, həm də valideynlər bu xəstəliyi tanıyır, diaqnozu daha asanlıqla qəbul edir, müəyyən bərpa proqramlarına qoşulurlar. Son vaxtlar hər 85-100 uşaqdan biri autizm spektr pozuntusuna aid edilir. Lakin sırf autizm daha azdır, 1000 uşaqdan iki-üçünə sırf autizm kriterilərinə uyğun diaqnoz qoymaq olar. Autizm-spektr pozuntusu daha geniş anlayışdır, bura daha çox uşağı aid etmək olar. Təbii ki, onlara da yardım lazımdır”.

Həkim Azərbaycanda belə xəstələrin dəqiq statistikasının olmadığını deyib: “Təəssüf ki, Azərbaycana görə dəqiq statistika vermək mümkün deyil, çünki belə bir araşdırma aparılmayıb. Burada rəqəmlərdə qeyri dəqiqliyin olmasının bir səbəbi də valideynlər sırf sosial baxımdan hər hansı başqa diaqnozu autizmdən üstün tuturlar. Hazırda belə uşaqların çoxu əqli zəiflik və nitq pozuntusu kimi diaqnozlar altında qeydə alınır. Bu isə rəqəmi dəqiqləşdirməyə imkan vermir. İlk növbədə cəmiyyətlə işləmək lazımdır, cəmiyyət belə problemdən xəbərdar olmalı, bu uşaqların fərqli duyğu və davranışlara malik olduğunu qəbul etməlidir”.

Autizmin əsas əlamətlərindən danışan Kamran Salayev bu əlamətlərin başqa xəstəliklərə də bənzədiyini bildirib: “Autizmin əsas əlamətləri başqaları ilə ünsiyyət qura bilməmək, başqalarının münasibətini düzgün təhlil etməmək, nitqin geriləməsi ilə yanaşı, jestlərdən kifayət qədər istifadə etməmək, təkrari, stereotipik və ya çox məhdud hərəkətlər sərgiləməkdir. Sindromun ilk əlamətlərinə 3-4 yaşlarda rast gəlinir. Bu dövrdə həmin uşaqlar yaşıdlarından çox fərqlənməyə başlayır. Hətta 20 yaşlı adamda autizm olub-olmadığını müəyyənləşdirmək üçün onun 3-4 yaşdakı dövrünü araşdırırıq. Lakin 3-4 yaşda bu problemin müəyyənləşməsi artıq gec hesab olunur. İlk əlamət nitqin gecikməsidir. Yəni 1 və ya 1,3 yaşında heç bir söz demir, 2 yaşında iki sözdən ibarət cümlələr qurmur və xüsusilə də, əgər uşaq bir-iki söz deyib, sonra bu sözləri də unudursa, tənəzzül adlanan bu əlamət autizmə xas olan əsas əlamətdir. İkinci əlamət uşaqda göz təmasının olmamasıdır. Onlar çağıranda reaksiya vermirlər. Təkrari hərəkətlər, məsələn fırlanmaq və ya fırlanan şeylərə çox fikir vermək, əşyaları sıra ilə düzmək, səs gələndə qulaqlarını bağlamaq kimi əlamətlərə diqqət yetirmək lazımdır. Lakin problem o qədər genişdir ki, əlamətlər də həddindən artıq çoxdur. Bunları başqa xəstəliklərin əlamətləri ilə qarışdırmaq mümkündür”.

Psixonevroloq Kamran Salayev xəstəliyin müalicə üsullarından da bəhs edib: “Autizmin əsas sindromlarını müalicə edə biləcək dərman mövcud deyil. Lakin bu əlamətlərlə yanaşı hiperaktivlik, aqressivlik kimi əlamətlərə qarşı dərman müalicəsi etmək olar. Lakin əsas simptomlara yalnız bərpa proqramları ilə təsir etmək mümkündür. Bu zaman bərpa proqramlarının intensiv olması , həftədə 18, 20, 30 saata təşkil etməsi, davamlı və uzunmüddətli olması və mütəxəssis tərəfindən aparılması vacibdir. Bundan başqa pəhrizlər, oksigen terapiyası da mövcuddur”.

Kamran Salayev valideynləri ən çox narahat edən məsləyə də toxunub: “Qətiyyətlə demək istəyirəm ki, peyvəndlər autizm yaratmır. Bu, qeyri-mümkündür”.

Verilişdə qonaq olan sensor inteqrasiya uzmanı Emel Ayyıldız autizmin xəstəlik yox, fərqlilik olduğunu vurğulayıb: “Əslində, autizm xəstəlik deyil, bir fərqlilikdir. Qısa şəkildə demək olar ki, autizmli uşaqlar dünyaya bizim kimi baxmır və ya baxmaq istəmir. Mənim fikrimcə, autizm daha çox ətraf mühitin təsiri nəticəsində yaranır. Son illərin araşdırmalarına görə, qərbləşmiş, yəni texnologiyanın çox inkişaf etdiyi ölkələrdə autizm daha çox yayılıb. İstər radiasiya, istərsə də ekoloji çirklənmə autizmi yaradan səbəblərdən hesab olunur”.

Emel Ayyıldız son illər autizmli uşaqların sayının artmasının da səbəblərindən danışıb: “Əslində, autizm həyatımızda həmişə olub, sadəcə, əvvəllər bu problem başqa cür adlanırdı. Əvvəllər bunu uşaq şizofreniyası adlandırırdılar, sonra anaların uşaqlarla soyuq davranışı nəticəsində yaranan bir sindrom olması nəzəriyyəsi yarandı. Lakin autizmli uşaqların sayının günü-gündən artması artıq ciddi problemə çevrilir”.

Bərpa proqramları üzrə mütəxəssis Emel Ayyıldız erkən müayinə və müalicənin əhəmiyyətindən danışıb: “Bir uşağa 2 yaşında öyrədə bildiklərinizi 6 yaşında çətin öyrədirsiniz. Kiçik yaşlı uşaqlarda təqlid qabiliyyətləri daha çox inkişaf edir. Adi bir şeyi uşağa 2 yaşında öyrətmək üçün 3 saat lazım gəlirsə, 6 yaşında buna 3 gün vaxt sərf edə bilərsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR