Rusiyalı politoloq: “Xəzərin statusunun yaxın gələcəkdə müəyyənləşməsi çətindir”

Rusiyalı politoloq: “Xəzərin statusunun yaxın gələcəkdə müəyyənləşməsi çətindir”
# 24 sentyabr 2014 15:02 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Bakı-Moskva-Astana videokörpüsü keçirilib. APA-nın məlumatına görə, videokörpü sentyabrın 29-da Həştərxan şəhərində keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısına həsr olunub. Tədbirdə Bakıdan politoloqlar İlqar Vəlizadə və Tofiq Abbasov, Moskvadan Xəzər Dənizi Əməkdaşlıq İnstitutunun direktoru Sergey Mixeyev, Astanadan politoloq Miras Daulenov iştirak ediblər.

S. Mixeyev çıxışında deyib ki, hazırda Xəzər regionunda vəziyyət nisbətən sabit olsa da, bir sıra problemlər var və bu problemlərin yaranmasında xarici faktorların rolu böyükdür: “Regionda möhkəmlənmək istəyən xarici faktorlar müxtəlif inqilab ssenariləri hazırlayıb ki, bu ssenarilərdə Xəzər bölgəsinin 5 ölkəsi də yer alır. Düşünürəm ki, Xəzəryanı dövlətlərin rəhbərlikləri arasında siyasi əlaqələrin sıxlaşması ilə yanaşı, iqtisadi münasibətlərin də inkişaf etdirilməsi və sırf Xəzər hövzəsində reallaşacaq müştərək layihələrə ehtiyac var”.

S. Mixeyev Xəzərin statusunun yaxın gələcəkdə müəyyənləşməsinin çətinliyini qeyd edib və bunu üç ölkə – İran, Türkmənistan və Azərbaycan arasındakı anlaşılmazlıqla əlaqələndirib.

Tofiq Abbasov bildirib ki, Həştərxandakı sammit Xəzəryanı ölkələrin münasibətləri tarixində parlaq səhifə aça bilər: “Mən hesab edirəm ki, Həştərxan sammitində bir sıra irəliləyişlər əldə onuna bilər”.

Transxəzər layihəsinin sammitdə müzakirəsi barədə APA-nın sualına cavab verən S. Mixeyev qeyd edib ki, belə bir məsələnin müzakirə olunub-olunmayacağını bilmir və region üçün də elə vacib məsələ saymır. Videokörpüyə Qazaxıstandan qatılan M. Daulenov isə bu layihəni Xəzər dənizi üçün “ciddi ekoloji təhlükə” adlandırıb. Lakin T. Abbasov bu fikirlə razılaşmayıb: “Xəzər dənizində indi də hər ölkənin sualtı qaz xətləri var. Layihə isə bu xətləri birləşdirib böyük bir qaz kəmərinin çəkilməsini, Xəzər qazının Avropaya çıxarılmasını nəzərdə tutur. Bu, ancaq Azərbaycan üçün, yaxud da bir və ya iki ölkə üçün əhəmiyyət daşımır. Regiondakı beş ölkənin hər biri Transxəzər layihəsində iştirak edə və böyük mənfəət götürə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR