Azərbaycanda dopinqdən istifadə etmə və ona təhrik etmə ilə bağlı həbs cəzası tətbiq olunur

Azərbaycanda dopinqdən istifadə etmə və ona təhrik etmə ilə bağlı həbs cəzası tətbiq olunur
# 27 iyul 2016 09:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycandan dopinq vasitələrindən istifadə edilməsi, satılması və yayılması, o cümlədən yetkinlik yaşına çatmayanları buna təhrik edilməsi ilə bağlı yeni cəzalar müəyyənləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələr əlavə olunur və dəyişikliklər edilir.

Cinayət Məcəlləsinə təklifolunan 143-1.1-ci maddəyə görə, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Digər əlavəyə görə isə dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına, əldə edilməsinə və ya satılmasına görə 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

İnzibati Xətalar Məcəlləsin 225.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə, dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə fiziki şəxslər 1000 manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək məbləğdə cərimələnəcək.

Bu sanksiyanın hazırda qüvvədə olan variantı isə belədir: fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 200 manatdan 300 manatadək məbləğdə cərimə edilir.

Məcəllənin 226-cı maddəsinə təklif edilən dəyişikliyə görə isə, bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə, 3 min manatdan 5 min manatadək məbləğdə cərimələnəcək.

Bu sanksiyanın hazırkı varinatı isə belədir: 100 manatdan 200 manata qədər cərimə edilir.

Layihələr payız sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR