Azərbaycanın vergi orqanları mobil imzanın tətbiqinə başlayıb

Azərbaycanın vergi orqanları mobil imzanın tətbiqinə başlayıb
# 02 may 2013 09:08 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi ilk dəfə olaraq mobil imzanın tətbiqinə başlayıb. Yeni xidməti Nazirliyin nəzdində fəaliyyətə başlamış Asan Sertifikat Xidməti Mərkəzi təqdim edəcək.

«APA-Economics»in məlumatına görə, Nazirliyin Hüquq İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, yeni mərkəz ənənəvi elektron imzadan daha geniş imkanlara malik olan elektron imza və mobil imza təqdim edəcək. Mərkəzin göstərdiyi rəqəmsal İT kart gücləndirilmiş elektron xidmətə keçidi təmin edəjək. Bu elektron imza indiyədək verilənlərdən fərqli olaraq, bütün əməliyyat sistemlərində işləyə biləcək. Bu imzanı gələn ildən etibarən tətbiq olunacaq yeni şəxsiyyət vəsiqələrindəki elektron çipə də yükləmək olar. Bununla da vətəndaşın şəxsi və elektron imza məlumatları bir yerdə olacaq.


Mərkəzin tətbiq etdiyi ən maraqlı yenilik isə mobil imzanın tətbiqi ilə bağlıdır. Mobil imzanın istifadəsi üçün əlavə kart oxuyan cihaza ehtiyac qalmayacaq. Bu xidməti əldə etmək üçün istifadəçilər telefonlarındakı sim-kartı yeni sim-kartla əvəz etməli olacaqlar. Yeni sim-karta mobil imza proqramı yüklənib və bu kartları bütün mobil operatorlardan, eləcə də ASAN xidmət mərkəzlərindən almaq mümkündür.

S.Musayeva bildirib ki, mobil imzada tətbiq edilən təhlükəsizlik sistemləri ən son tələblərə, o cümlədən Avropa direktivlərinin tələblərinə cavab verir. Ona görə də yeni imzanın köməyi ilə vətəndaşlar və sahibkarlar beynəlxalq maliyyə bank əməliyyatlarını da həyata keçirə, o cümlədən birgə müəssisə təsis edə, mühüm sənədləri imzalaya biləcək. Mobil imza mobil telefon, smartfon, planşet və digər qurğularda istifadə oluna bilər. Bunun üçün proqramları android-market və IOS-dan pulsuz yükləmək olar. Mobil imzadan təkcə mobil qurğularda deyil, istənilən kompyuterdə də istifadə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR