Azərbaycanın zəlzələ bölgəsində 5281 qəzalı evdən 5263-nün tikintisi başa çatıb, 18-nin tikintisi davam edir

Azərbaycanın zəlzələ bölgəsində 5281 qəzalı evdən 5263-nün tikintisi başa çatıb, 18-nin tikintisi davam edir
# 26 iyul 2014 08:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi 2012-ci ildə ölkənin şimal-qərb bölgəsində baş verən zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması sahəsində həyata keçirilən işlərlə bağlı hesabat açıqlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, hesabatda bildirilir ki, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonu ərazisində baş vermiş 7 bal gücündə olan zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradılaraq, nazirliyin mütəxəssisləri tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirməyə başlanılıb. FHN tərəfindən rayonlara çoxlu sayda texnika və avadanlıq, çadırlar, məmulatları və s. yardımlar, böyük miqdarda tikinti materialları göndərilib.

Azərbaycan prezidentinin göstərişlərinə əsasən, Nazirlər Kabinetinin müxtəlif sərəncamları ilə respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ehtiyat fondundan, Dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına bölgədə tikinti işlərinə başlanılıb.

Komissiya tərəfindən tərtib olunmuş baxış aktlarına əsasən müəyyən olunmuş 5281 qəzalı evdən (rayonlar üzrə: Zaqatalada 4006, Qaxda 521, Balakəndə 736) 5263 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 18-nin tikintisi davam etdirilir.

Sosial obyektlər üzrə inşasına başlanılan 37 məktəbdən 30 iyun 2014-cü il tarixədək 10 min 300 şagird yerlik 37 məktəb binası, 135 yerlik 2 uşaq bağçası tikilib istifadəyə verilib. Zaqatala rayonunun Muxax kəndində isə 480 şagird yerlik məktəb binası bərpa edilib və gücləndirilib.

Sosial obyektlərdən həmçinin Milli Təhlükəsizlik Nazirliyinin Zaqatala rayon şöbəsi, Zaqatala rayon Muxax kəndində konserv sexi tikilib istifadəyə verilib. Şəki, Qax, Balakən rayonlarında 3 girişli Yanğınsöndürmə Depolarının tikintisi başa çatdırılıb. Hal-hazırda Zaqatala səhərində 3 girişli Yanğınsöndürmə Deposunda tamamlanma işləri aparılır.

Bundan başqa, 2013-cü ildə Zaqatala rayonunun Əliabad və Çobankol, Qax rayonunun Almalı və Balakən rayonunun Qabaqçöl kəndləri ərazisində Dövlət Yanğından Mühafizə Bölməsi üçün 2 girişli Yanğınsöndürmə Depolarında tikinti işləri davam edir. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının tikintisinə də 2013-cü ildə başlanılıb və artıq obyektdə tamamlanma işləri gedir.

2012-ci ilin may ayından 30 iyun 2014-cü il tarixə kimi zəlzələdən ziyan çəkmiş 7478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq cəmi 36 916,56 min manat yardım ödənilib.

Zəlzələ bölgəsində təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliklərin göstərilməsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR