Saxlanılan Müsavat üzvü Fərəc Kərimlinin hüquqlarını müdafiə komitəsi yaradılıb

Saxlanılan Müsavat üzvü Fərəc Kərimlinin hüquqlarını müdafiə komitəsi yaradılıb
# 24 iyul 2014 11:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Gənclər Təşkilatı (GT) partiya üzvü Fərəc Kərimlinin saxlanılması ilə əlaqədar mətbuat konfransı keçirib.

APAının məlumatına görə, Müsavat başqanı İsa Qəmbər bildirib ki, F. Kərimli siyasi mənsubiyyətinə və sosial şəbəkələrdə aktiv olduğu üçün həbs olunub. Onun sözlərinə görə, F. Kərimlinin həbsi Müsavat Partiyasına qarşı təzyiqdir.

İ. Qəmbər F. Kərimlinin hüquqlarını müdafiə komitəsinin yaradıldığını diqqətə çatdırıb.

F. Kərimlinin vəkili Nemət Kərimli deyib ki, indiyədək F. Kərimlinin harada saxlanıldığı barədə heç bir məlumat yoxdur: “Yalnız onu bilirik ki, Fərəc Kərimli Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Mən düşünürəm ki, ona qarşı irəli sürülən ittihamlar absurddur”.

Müsavat GT-nin sədri Əhliman Abbas isə qeyd edib ki, F. Kərimlinin həbsdən azad olunması istiqamətində müəyyən işlər görüləcək, bu barədə beynəlxalq təşkilatlara məlumat verəcək.

F. Kərimlinin atası Rafiq Kərimli də oğluna qarşı irəli sürülən ittihamlarla razılaşmadığını və oğlunun narkotik istifadəçisi olmadığını vurğulayıb.

Xatırladaq ki, F. Kərimli ötən gün səhər saatlarında saxlanılıb. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb. O. Mansurzadə qeyd edib ki, F. Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR