Azərbaycanda ehtiyat sürücü bazası yaradılır

Azərbaycanda ehtiyat sürücü bazası yaradılır
# 15 avqust 2014 10:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda ehtiyat sürücü bazası yaradılır.

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, bazanın yaradılması ilə nazirliyin Dövlət Avtomobil Nəqliyyat Xidməti məşğuldur: “Bu sürücü bazasının yaradılmasında məqsəd sahibkarlara sürücülər barədə məlumat verilməsidir. Belə ki, hər hansı bir avtobusda qəza törədən sürücü sabah digər bir sahibkara müraciət edərək başqa marşrutda işə düzəlmək istəyirsə, onun barəsində həmin sahibkara məlumat veriləcək. Yəni həmin sürücünün iş qabiliyyətinin yaxşı və ya pis olması, tərcümeyi-halının neqativ olması və qəza törədib-törətməməsi barədə sahibkar bilgiləndiriləcək”.

“Bu həm də 2400-2500 avtobusun hərəkət etdiyi şəhərdə əlavə ehtiyat sürücü bazası yaradacaq. Düzdür, bu çox ağır işdir. Amma həm də kadr siyasətidir. Sürücülər bu gün hər hansı bir marşrutda qəza törətdikləri və sərnişinlərlə qeyri-etik danışdıqları halda sabah başqa sahibkarın yanında işə düzələcəklərindən arxayın olmayacaqlar”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR