"Azərbaycan xanımları qədim zamanlardan, Natəvandan və digər görkəmli qadınlarımızdan başlayaraq hər zaman milli geyimlərdə olublar. İstər qadın, istərsə də kişi geyimləri, çox gözəldir".
APA xəbər verir ki, bunu “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan milli geyimləri Şərq və dünya xalqlarının geyimləri arasında öz zərifliyi ilə seçilir:
“Hər xalqın özünəməxsus milli geyimi var. Amma bizim milli geyimlərimizi geyinərkən insan özündə qürur hissi keçirir, sanki ucalır. Əsasən də kəlağayı xanımlarımızın zərifliyini, gözəlliyini və nəcibliyini təcəssüm etdirən baş örtüyüdür. Bu baş örtüsünü daşıyarkən özümüzdə qürur hissi keçiririk. Kəlağayı dini və ya irqi mənsubiyyətimizi ifadə etmir. Bu, sadəcə, bizim milli qadın baş örtüyümüz, milli geyimimizə uyğun aksessuarımız, eyni zamanda milli-mənəvi dəyərimizin bir parçasıdır. Milli-mənəvi dəyərlərimizə sadiq xalq olaraq kəlağayı ilə bağlı mediada və sosial şəbəkələrdə yayılan məlumatları oxuyur, onun həqiqətən də xüsusi yerə malik olduğunu görürük. Məsələn, mən nənəmin kəlağayıdan necə istifadə etdiyini görmüşəm. Kəlağayının rənginə və istifadə məqsədinə görə fərqli xüsusiyyətləri var. Yas və hüzr yerlərinə gedərkən daha tünd rəngli kəlağayılardan, el şənliklərinə, toy-düyünə gedərkən isə daha açıq və al-əlvan rənglərdən istifadə olunurdu. Bu da göstərir ki, biz kəlağayıdan istifadə qaydalarını yaxşı bilirik”.
Nailə İsmayılova qeyd edib ki, modelyerlər milli geyimlərin müasirləşdirilməsi və daha geniş şəkildə təqdim olunması barədə düşünməlidirlər:
“İstərdim ki, modelyerlərimiz bu barədə düşünsünlər, milli geyimlərimizi müasirləşdirərək xalqımıza təqdim etsinlər. Milli ornamentlərdən daha geniş istifadə etməklə həm də milli kimliyimizi qorumuş olarıq. Eyni zamanda, milli geyimlərimizin dünyada təbliği çox vacibdir. Bilirsiniz ki, bizim mənfur qonşularımız da var. Bəzən görürük ki, musiqilərimizdən, milli ornamentlərimizdən və digər mədəni irs nümunələrimizdən istifadə etməyə, onları mənimsəməyə çalışırlar. Buna imkan verməməliyik. Bunun üçün öz mədəni irsimizi özümüz təbliğ etməliyik”.
İctimai birlik sədri vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə artan maraq doğurması milli geyimlərin tanıdılması üçün də imkanlar yaradır:
“Azərbaycanın 44 günlük müharibədən sonra apardığı quruculuq və bərpa işləri bu gün də davam edir. Ölkəmiz təhlükəsiz bir məkana çevrilib. Bu gün yürüş zamanı Qız Qalasının yaxınlığında, İçərişəhərdə və Fəvvarələr meydanında çoxlu xarici turistlərlə rastlaşdıq. Onların milli geyimlərimizə maraq göstərdiklərini, şəkillərimizi çəkdiklərini gördük. Bəziləri bizimlə, geyimlərimizlə və kəlağayımızla maraqlandılar. Biz də onlara özümüzü, milli geyimlərimizi və kəlağayımızı daha aydın və düzgün şəkildə təqdim etməyə çalışdıq. Kəlağayı qadına zəriflik və incəlik verir. Əslində, eybəcər qadın yoxdur, bütün qadınlarımız gözəldir. Amma kəlağayı taxdıqdan sonra qadının görünüşünə sanki əlavə bir zəriflik və incəlik gəlir. Mən milli-mənəvi dəyərlərimizə sadiq insanam. Həm vətəndaş, həm də vətəndaş cəmiyyətinin üzvü olaraq bu dəyərlərin təbliğinə önəm verirəm. Artıq ikinci dəfədir belə bir yürüşdə iştirak edirəm və çalışıram ki, milli dəyərlərimizi insanlara düzgün şəkildə çatdırım. Düşünürəm ki, bu hər birimizin borcudur. Mən orta nəslin nümayəndəsiyəm. Gənclər və uşaqlar bizim gələcəyimizdir. Milli dəyərlərimizi onlara düzgün şəkildə təbliğ etməliyik ki, gələcək nəsillər də bunları həm dünyaya, həm də öz cəmiyyətimizə layiqincə təqdim edə bilsinlər. Kəlağayıdan başqa baş örtüyü tanımıram”, – deyə Nailə İsmayılova əlavə edib.