Beynəlxalq Antikorrupsiya Akademiyasının yaradılmasının 4-cü ildönümü qeyd olunub

Beynəlxalq Antikorrupsiya Akademiyasının yaradılmasının 4-cü ildönümü qeyd olunub
# 06 mart 2015 18:52 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Prokurorluğundan APA-ya verilən məlumatına görə, Avstriyanın yüksək vəzifəli şəxslərinin, Akademiyanın İdarəetmə Şurası üzvlərinin, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror, İACA Assambleyasının sədri Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın icraçı dekanı Martin Kroytner görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Akademiyanın Azərbaycanla səmərəli institusional əməkdaşlığını qeyd edən M.Kroytner bu tədris ocağı ilə əlaqələrə xüsusi önəm verdiyinə görə ölkəmizə dərin minnətdarlığını bildirib.

Mərasimdə Azərbaycan Respublikasının Baş prokuroru, İACA Assambleyasının sədri Zakir Qaralov çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin ölkəmizdə prioritet olduğunu, kompleks və ardıcıl inzibati və institusional islahatların həyata keçirildiyini, bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Baş prokuror beynəlxalq aləm tərəfindən Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə verilən yüksək qiymətin təzahürü olaraq ötən il noyabrın 19-21-də İACA Assambleyasının 3-cü sessiyasının Bakı şəhərində keçirilməsinə və Azərbaycanın nümayəndəsinin Assambleyanın sədri seçilməsinə görə Akademiyaya üzv dövlətlərin nümayəndələrinə təşəkkürünü bildirib.

Ölkəmizlə Akademiya arasında səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayan Baş prokuror İACA-nın qarşısında duran vəzifələrin həllində Azərbaycanın bu mötəbər tədris ocağına hər zaman dəstək olduğunu qeyd edib. Azərbaycanın Akademiyanın Assambleyasında sədrliyi dövründə görülmüş və gələcəkdə həyata keçiriləcək işlərə toxunan Z.Qaralov İACA-nın fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində ölkəmizin bundan sonra da zəruri dəstəyini əsirgəməyəcəyini bildirib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının formalaşdırıldığını, korrupsiyaya qarşı mübarizə komissiyasının, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin, “ASAN” Xidmət və “Elektron Hökumət” portalının yaradıldığını vurğulayan Baş prokuror ölkəmizin bu sahədə öz müsbət təcrübəsini bölüşməyə hazır olduğuna əminlik ifadə edib.

Eyni zamanda, tədbir çərçivəsində Bolqarıstanın vitse-prezidenti, Akademiyanın İdarəetmə Şurasının rəhbəri Marqarita Popova, Avstriyanın ədliyyə naziri Volfqanq Brandştetter, daxili işlər naziri Yohanna Mikl-Leitner və digər rəsmi şəxslərlə görüşlər keçirilib, qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin tədbir iştirakçılarına “ASAN” Xidmətin, korrupsiyaya qarşı mübarizə Baş idarəsinin fəaliyyətini və ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülmüş işləri əks etdirən kitab, jurnal və digər nəşrlər təqdim edilib. Tədbirdə ölkəmizin Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR