Fazil Mustafa: “Müxalifət cəmiyyətdən dəstək ala bilmir”

Fazil Mustafa: “Müxalifət cəmiyyətdən dəstək ala bilmir”
# 08 aprel 2013 10:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müxalifətin hər hansı formatda keçirdiyi görüşlərin ciddi siyasi əhəmiyyəti yoxdur”. Bunu APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa deyib.

F.Mustafa siyasi partiyaların funksional əməkdaşlıq barədə keçirdiyi görüşlərə münasibət bildirərək, bu tip görüşlərin ciddi siyasi əhəmiyyət daşımadığını və real nəticənin əldə olunmadığını bildirib: “Məncə, müxalifətin hər hansı birlik formatında əməkdaşlığında ciddi bir dəyişiklik gözlənilmir. Yəni nə varsa ortadadır və yeni bir formatın ortaya çıxması, hansısa güc mərkəzinin yaranmasına səbəb olmayacaq. Bu görüşlərin ciddi siyasi əhəmiyyəti yoxdur. Sadəcə, nə iləsə məşğul olmaq xatirinə toplanmaqdan başqa bir şey deyil. Azərbaycanda partiyaların əməkdaşlıq modelində hər hansı şəkildə güc nümayiş etdirməsi məhduddur”.

Ölkədə fərqli bir vəziyyət yarandığını, siyasi qüvvələrin bu vəziyyətə uyğun hərəkətinin zəruriliyini vurğulayan BQP başqanının sözlərinə görə, müxalifət daha çox ölkədə demokratikləşməyə öz faydasını verməlidir: “Demokratik islahatlar istiqamətində birlik nümayiş olunmalıdır. Amma bütün hallarda bu sahədə olan problemlər öz həllini tapmayacaq, çünki müxalifət cəmiyyətdən dəstək ala bilmir”.

F.Mustafa onu da qeyd edib ki, hazırda BQP-nin siyasi təbliğat gücü partiyaların əksəriyyətindən böyükdür: “İstər sosial şəbəkə, istər efir məkanı, istərsə də ictimaiyyətlə əlaqələr sahəsində bizim imkanlarımız genişdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR