Prezident: "Avropa İttifaqı ilə yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır"

Prezident: "Avropa İttifaqı ilə yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır"
# 13 iyul 2015 20:15 (UTC +04:00)

Bakı-APA. “Bu gün biz dünyanın müxtəlif yerlərində çox xoşagəlməz prosesləri müşahidə edirik. Yaxın Şərqdə vəziyyət həddindən artıq çox gərginləşib. Qanlı toqquşmalar dayanmır, qan tökülür və yeni müharibə ocaqları yaranır. Avropa dərin iqtisadi böhran içindədir və bu böhrandan hələ ki, çıxış yollarını tapa bilməyib. Eyni zamanda, biz mənəvi böhranın təzahürlərini də görürük və bu, bizi çox narahat edir”. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin: “Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla bərabər, biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük və bu, bizi narahat edir”.

“Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır”.

Dövlət başçısı, əslində, bu barədə artıq önəmli addımların atıldığını qeyd edib: “Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”.

“Digər məqamlar var idi ki, bizi qane etmirdi. Ona görə biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq, əməkdaşlıq, yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq bu, bərabərhüquqludur və Azərbaycanın milli maraqları o sazişdə maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də əlbəttə ki, bizim üçün ən önəmli yerdədir.

Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında daha çox danışmaq lazımdır. Çünki həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında yaşanan böhranlı vəziyyət, o cümlədən mənəvi dəyərlər üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə biz Azərbaycanda əlbəttə ki, bütün məsələləri dərindən təhlil edərək, ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və seçəcəyik”, deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib kİ, MDB məkanında vəziyyət o qədər də ürəkaçan deyil: "Bir çox ölkələr böhranla bacara bilmirlər. Ukraynada böhran davam edir. Ermənistan demək olar ki, çöküb, iqtisadiyyatı çöküb. Ermənistanın kriminal diktatura rejimi artıq öz xalqını o qədər əzib ki, xalq buna dözə bilmir. Onu da qeyd etməliyəm ki, Ermənistan xuntası xalq hesabına varlanır. Bəlkə bir çoxları bunu bilmir. Ancaq Ermənistan dünya miqyasında bəlkə də xaricdən ən aşağı qiymətə qaz alan ölkədir. Ancaq öz əhalisinə bunu üç dəfə baha satır. Elektrik enerjisi də, yanacaq da həmçinin. Yəni, bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə ki, xalq buna dözə bilmir".

"Belə bir mənzərə yaranıb. Yunanıstan böhranı hələ ki, davam edir. Hələ ki, heç bir nəticə əldə edilməyib. Əlbəttə, biz bilirik ki, vaxtilə Yunanıstanda müəyyən səhvlər buraxılmışdır və həddindən artıq borclanma getmişdir. Bunun da səbəbi yəqin ondan ibarətdir ki, siyasətçilər öz işlərinə o qədər də məsuliyyətlə yanaşmırdılar. Mən həmişə demişəm və bu gün də deyirəm, Azərbaycanda xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır, hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər.

Ona görə Yunanıstanla bağlı vəziyyət əlbəttə ki, bu səbəblərdən qaynaqlanır. Eyni zamanda, biz görürük ki, Avropanın bəzi ölkələri, xüsusilə özləri üçün xüsusi yer əldə etmək istəyən ölkələr Yunanıstanı, sadəcə olaraq, alçaldırlar. Xalqı, dövləti alçaldırlar. Bax, budur, bugünkü reallıqlar", deyə dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR