İlham Əliyev Dünya Skaut Komitəsinin sədrini və baş katibini qəbul edib

İlham Əliyev Dünya Skaut Komitəsinin sədrini və baş katibini qəbul edib
# 30 sentyabr 2015 14:20 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalvesi və təşkilatın baş katibi Skot Teareni qəbul edib.

APA-nın xəbərinə görə, Dünya Skaut Komitəsinin 2017-ci ildə Bakıda keçiriləcək 41-ci konfransına və 13-cü Dünya Skaut Gənclər Forumuna Azərbaycanın ev sahibliyi etməsinin təşkilat üçün çox mühüm əhəmiyyət daşıdığını deyən baş katib, tədbirlərdə 150 ölkədən 1000-dən artıq nümayəndənin iştirak etməsinin nəzərdə tutulduğunu söyləyib.

Prezident İlham Əliyev Dünya Skaut Komitəsinin 41-ci konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərarın əhəmiyyətini xüsusi qeyd edib. Bu cür vacib qlobal tədbirin Azərbaycanda keçirilməsinin ölkənin daha yaxından tanıdılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirən dövlət başçısı beynəlxalq səviyyəli müxtəlif tədbirlərin Azərbaycanda həmişə uğurla təşkil olunduğunu vurğulayıb.

Görüşdə Dünya Skaut Komitəsinin növbəti konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun səs çoxluğu ilə Avrasiya regionunda ilk dəfə olaraq 2017-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərardan məmnunluq ifadə olunub, bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağı əminliklə qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR