Mübariz Qurbanlı: “Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bu münaqişə dini səciyyə daşımır”

Mübariz Qurbanlı: “Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bu münaqişə dini səciyyə daşımır”
# 01 sentyabr 2014 10:12 (UTC +04:00)

APA - nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan tolerantlıq və dözümlülük baxımından
dünyada özünü nümunəvi ölkə kimi göstərib.

O qeyd edib ki, Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, burada müxtəlif dini icmalar sərbəst şəkildə fəaliyyət göstərir və Avropa Şurasının nümayəndələri Azərbaycanda dini tolerantlıqla bağlı müsbət fikirdədirlər: “Avropa Şurasının nümayəndələri Qubada olublar, sinaqoqun fəaliyyətini görüblər və bunu yüksək qiymətləndiriblər”.

Dağlıq Qarabağ münaqişəsinə toxunan M. Qurbanlı Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, bu münaqişənin dini səciyyə daşımadığını söyləyib: “Təkcə Bakıda 30 min erməni yaşayır, erməni kilsəsi fəaliyyət göstərir. Bunun özü də bir göstəricidir”.

Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni isə tədbirin təşkili ilə bağlı Azərbaycan tərəfinə təşəkkür edib: “2009-cu ildə idmanla bağlı tədbirdə jurnalistlərlə belə geniş formatda görüşümüz keçirilmişdi. Həmin vaxt Gənclər və İdman Nazirliyi idmanda mərc oyunları, korrupsiya ilə əlaqədar tədbir keçirmişdi. Bununla bağlı bu yaxınlarda Konvensiya qəbul ediləcək, sənədə 27 dövlət imza atacaq. Bu tədbir çərçivəsində də mükəmməl bir təcrübənin əsası qoyulur”.

Azərbaycanda 2008-ci ildən din və mədəniyyətlə bağlı forumların keçirildiyini xatırladan Q. Battani-Draqoni bu tədbirlərin Bakını dinlər və mədəniyyətlərarası müzakirələrin keçirildiyi məkana çevirdiyini söyləyib. Onun sözlərinə görə, bu gün Bakıda keçirilən tədbir din və demokratiya ilə bağlıdır: “Uzun müddət ərzində Azərbaycanda katoliklər, buddistlər ticarətlə məşğul olublar, yaşayıblar. Bütün bunlar cəmiyyətdə müxtəlifliyi qorumağa şərait yaradır. Bugünkü tədbirdə Azərbaycandakı müxtəlif konvesiyaların nümayəndələri çıxış etdilər”.

Slovakiyanın Avropa Şurasındakı daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçi qrupunun sədri Luis Filipp Kasro Mendes də tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib. Onun sözlərinə görə, Azərbaycan dinlərarası dialoq sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir: “Dözümsüzlüyə qarşı mübarizə dünyada sülhə töhfədir. Qərbi Avropanın bir sıra ölkələrində islamofobiya halları güclənməkdədir. Dünyanın digər ölkələrində isə dindən sui-istifadə, siyasi aqressiya güclənməkdədir. Ona görə də bu məsələlər gündəmə gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR