Bank Of Baku

Azərbaycan paytaxtındakı məktəblərdən birinin direktoru attestata görə məzundan rüşvət tələb etdiyi üçün işdən çıxarılıb

Azərbaycan paytaxtındakı məktəblərdən birinin direktoru attestata görə məzundan rüşvət tələb etdiyi üçün işdən çıxarılıb
# 27 iyun 2008 15:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bakı şəhəri 229 saylı məktəbin direktoru Qənirə Səfərova 11-ci sinfi bitirmiş məzunlara attestat verilməsi qarşılığında rüşvət tələb etdiyinə görə işdən azad edilib. Bu barədə həmin məktəbin məzunlarından birinin valideyni Hilal Əlif oğlu Məmmədov APA-ya göndərdiyi məktubunda bildirib. H. Məmmədov məktubunda qeyd edib ki, Q. Səfərova 11-ci sinfi uğurla bitirmiş məktəb məzunlarına attestat verilməsindən ötrü əvvəlcə 100, sonra 50, ən sonda isə 20 manat “şirinlik” tələb edib: “229 saylı məktəbin məzunu olan oğluma da ilk günlər pulsuz attestat verməyəcəyini bildirən direktor iyunun 23-də “şirinliyi” 20 manata saldığını bildirib. Oğlum Qənirə müəllimədən maddi imkanımız olmadığından attestatı pulsuz verməsini xahiş etsə də, o rəhmə gəlməyib. Əksinə, oğlumu qapısından qovaraq “Sənin attestatını hələ almamışam, nə vaxt pulu verərsən, onda da attestatını gətirdərəm”, deyib. Kor-peşman evə qayıdan övladımın keçirdiyi sarsıntılarına dözməyib Təhsil Nazirliyinin elektron poçtuna bu barədə rəsmən məlumat verməklə yanaşı, nazirin özü ilə də əlaqə yaratmağa çalışdım. Nazirliyin nümayəndəsi 20-30 dəqiqə ərzində bu problemi yerində həll ediləcəyini vəd etdi. Oğlumla birgə direktorun yanına gedən nazirlik nümayəndəsi özünü oğlumun dayısı kimi təqdim edərək, tələb edilən məbləği direktora verib, o da qeydiyyata alınmış pulu götürdükdən sonra attestatı səhəri gün saat 10-da verəcəyini bildirib. Sonradan nazirlik nümayəndəsi özünü Qənirə Səfərovaya rəsmi şəkildə təqdim etsə də, o, “Qoy, nazir öz işi ilə məşğul olsun”, söyləyib, harasa zəng vurub, bunun ardınca isə məktəbi tərk edib. Direktorun qanunsuz əməllərinin əyani şahidi olmuş nazirlik nümayəndəsi təhsil nazirə bu barədə məlumat verdikdən sonra Qənirə Səfərova məktəb direktorluğundan azad edilib. Məndə olan məlumata görə, onun barəsində araşdırma da başlanılıb”.
Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev APA-ya açıqlamasında Q. Səfərovanın işdən çıxdığını təsdiqləsə də, bunun attestatların rüşvətlə verilməsi ilə bağlı olmadığını deyib. On üç il direktor kimi çalışan Q. Səfərovanın öz ərizəsi ilə işdən azad edildiyini deyən B. Nəbiyev hazırda həmin təhsil müəssisəsində idarə olunma ilə bağlı araşdırmanın aparıldığını da söyləyib. BŞTİ nümayəndəsi 229 saylı məktəbdən onlara attestatların rüşvətlə verilməsi faktı ilə bağlı şikayətlərin daxil olmadığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR