Bank Of Baku

Misir Mərdanov: “Bir neçə gündür ki, Beynəlxalq Universitetin rektorunu tapa bilmirik”

Misir Mərdanov: “Bir neçə gündür ki, Beynəlxalq Universitetin rektorunu tapa bilmirik”
# 09 iyul 2008 15:21 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Bu gün Beynəlxalq Universitetin bağlanmasından söhbət getmir. Biz bu universitetdə qayda-qanun yaradılmasına, xalqa xidmət eləməsinə və normal təhsil verməsinə çalışırıq. Təəssüf ki, bu universitetin rəhbərliyi, onun kollektivi bu barədə düşünmür. Bu gün yüzlərlə, minlərlə adam küçələrə düşüb diplom almaq istəyir, biz də bunun şahidiyik. Mən bu adamları, universitetin rəhbərliyini dəfələrlə qəbul etmişəm, amma təəssüf ki, onlar heç bir nəticə çıxartmır. Artıq bir neçə gündür ki, biz universitetin rektorunu tapa bilmirik. Biz onu tapmırıq ki, camaatın şikayətlərinə cavab versin”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O, insanların bu universitetdən şikayətçi olduğunu, kimə müraciət etməli olduqlarını bilmədiyini söyləyib: “Təhsildən narazıların hamısı Təhsil Nazirliyinə müraciət etməməlidir. Onların problemlərinin əksəriyyəti yerlərdə həll olunmalıdır, amma təəssüf ki, bizim ölkəmizdə belə hadisələr baş verir. Lazım olsa, istənilən tədbiri görməyə hazırıq, amma bütün tədbirlərimiz vətəndaşların mənafeyinə yönəlib, kiminsə institutdan qovulmasına, diplom almamasına yox”. Nazir bu universitetdə məhz hansı qayda pozuntularına yol verildiyinə də aydınlıq gətirib: “Bu universitetə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarı olmadan çoxlu sayda adamlar qəbul edilib. Biz isə dövlətin qurumu olaraq, bu adamların təhsilini haqlı olaraq qanunsuz hesab edirik. Valideynlər indi bizim yanımıza gəlirlər ki, bilməmişik, bizi aldadıblar. Bir daha müraciət edirəm ki, ölkədə bir qayda var, hamı da bu qaydaya əməl etməlidir”. Nazir Beynəlxalq Universitetin Müstəqil Azərbaycan Universitetinin taleyinin təkrar etməsini istəmədiyini bildirib: “Böyük əziyyət çəkilib, bina təmir edilib, istəmərik universitetin fəaliyyəti dayandırılsın. Amma qayda-qanunlara əməl edilməsə, dövlətin borcudur ki, vətəndaşlarına xidmət göstərən təhsil müəssisəsinin fəaliyyətinə imkan yaratsın. Başqa fəaliyyətlə məşğul olanlar isə təhsil müəssisəsi ola bilməz”.
Nazir diplom ala bilməyən 90 tələbənin taleyi ilə də maraqlandıqlarını qeyd edib: “Biz çalışırıq ki, onlara güzəşt edək, amma gərək universitetin rəhbərliyi gəlsin, biz onlarla söhbət edək və güzəştə gedək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR